Reklam: High Technic
hightechnic

Moskva-Ankara münasibətləri zamanın diqtəsinə uyğundur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Yeniçağ.az-a açıqlamasında həmin səfəri dəyərləndirən siyasi icmalçı Vüqar Ziferoğlu bildirdi ki, görüşdə iqtisadi əlaqələr və Suriya kimi siyasi məsələlər müzakirə predmeti ola bilər:
“Ərdoğanın Moskvaya olan bu səfərində regional əməkdaşlıq məsələlərinin müzakirə olunacağı ehtimalı var. Eyni zamanda Yaxın Şərq, Suriyada baş verən proseslərin də müzakirə ediləcəyi güman edilir. “Türk axını” layihəsinin yenidən gündəmə gəlməsi də mümkündür. Yəni enerji layihələrində birgə işlər müzakirə olunacaq məsələlər sırasında yer alacaq. Bu görüşü əslində, iki istiqamətdə şərh etmək olar. İqtisadi razılaşmalarla bağlı ənənəvi olaraq ticarət dövriyyəsi, turizm, yanacaq marşrutları istiqamətində əməkdaşlıq məsələləri danışıqların predmeti olacaq. ABŞ bildiyiniz kimi, Suriyada Rakka istiqamətinə hücumla bağlı bəyanatlar verməyə başlayıb. Bütün bu proseslər fonunda hələlik, Suriyada normal atəşkəs əldə etmək mümkün olmayıb. Bu mənada Suriya probleminin Putinlə Ərdoğanın görüşündə masa üzərində olacağı gözləniləndir. Hazırda həmin regionda baş verən proseslərdə Türkiyə ilə Rusiya müəyyən qədər bir-birinə referanslar etməyə məcburdur. Çünki burada Amerika və İran faktoru var. Rusiya ilə müttəfiq olmağına rəğmən Türkiyə və İran Yaxın Şərqdə həm də rəqib mövqeyindədirlər. Bu mənada Moskva ilə Ankara arasındakı münasibətlər dövrün tələbinə və zamanın diqtəsinə uyğundur. Ona görə də indilikdə həmin münasibətlərin yaxşılığa doğru getməsi hər iki tərəfə lazımdır”.

ELÇİN

www.yenicag.az

125