MŞ-dan Məhəmmədəli Qəriblini tənqid edən saytlara XƏBƏRDARLIQ

Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

”Veysəloğlu Qrup” MMC-nin “bolgexeber.com” xəbər saytına qarşı müraciətini arşdıran komissiya müəyyən edib ki, xəbər portalının dərc etdiyi “Veysəloğlu Şirkətində daha bir rəzalət-işçi bıçaqlandı” yazısında Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri pozulub. Material hazırlanarkən, şişirdilmiş, isbatı olmayan məlumatlara istinad olunub, təhqiramiz ifadələr işlədilib. Portal təmsilçisi material hazırlanarkən “tələskənliyə yol verildiyini” etiraf edib və təkzib verməyə hazır olduğunu bildirib. Bundan sonra portal təmsilçisinə materiallar hazırlanarkən, Etik Kodeksin prinsiplərinin pozulmasına yol verməmək yönündə tövsiyyələr verilib.

”Veysəloğlu Qrup” MMC-nin “24 saatxeber.com” protalına qarşı şikayəti araşdırılarkən, eyni mənzərə üzə çıxıb. Portal əməkdaşı şirkət barədə material hazırlayarkən, subyektiv mülahizələrini önə çəkib, lazımi araşdırma aparmayıb. Portala MŞ tərəfindən tövsiyyə edilib ki, Etik Kodeksin prinsiplərinə diqqətlə yanaşılsın.

Avropa Azərbaycanlıları Konqressinin İdarə Heyətinin sədri Sahil Qasımovun xəbər portalına qarşı müraciəti də araşdırılıb. Komissiya müəyyən edib ki, portal əməkdaşları «AAK-nin prezidenti Sahil Qasımov Azərbaycanın siyasətinə zidd hərəkət edir» başlıqlı yazını hazırlanarkən, qarşı tərəfin mövqeyi öyrənilməyib; materialdakı ittihamedici fikrilərin reallığı araşdırılmayıb. Xəbər saytına tövsiyyə edilib ki, materiallar hazırlanarkən, Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri nəzərə alınsın, diaspor kimi ümummilli məsələlərə xüsusi həssaslıq göstərilsin.

İsmayıllı rayon İcra HakimiyyətiBaşçısının nümayəndəsi Habil Babayevin “dogruxeber.az” saytına qarşı şikayəti tərəflər arasında razılıq əldə edildiyi üçün, öz xahişlərinə əsasən gündəlikdən çıxarılıb.

“Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin “demokratik.az” saytının rəhbəri Osman Rzayevə qarşı müraciətini araşdıran komissiya müəyyən edib ki, dərc edilmiş yazılarda Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri kobud şəkildə pozulub: qeyd edilən materiallarda təhqir, böhtan halları ilə yanaşı, təhdidlər, hədələr də əks olunub. MŞ adından “demokratik.az” saytına qarşı ciddi xəbərdarlıq edilib./AzNews/

COP29