“MTN-də baş verən olaylara görə elə birinci gündən məsul şəxslər tərəfindən cəmiyyətdən ən azından üzr istənilməli idi. Amma görürük ki, bunlar baş vermir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmdəli dedi: “Ölkəmiz vaxtilə ciddi olaylar yaşayıb. Müxtəlif, çox ciddi terror hadisələri baş verib. O cümlədən Daxili İşlər Nazirliyində kriminal dəstəyə rəhbərlik edən Hacı Məmmədov olayı kimi hallar baş verib. Ölkəmizdə normal sivil cəmiyyət olsaydı belə olaylar zamanı ən azından DİN naziri istefa verərdi. Siyasi sistem normal qurulsa bu kimi ciddi hadisələrdə ən azı həmin hadisəyə məsul olan hökumət və ya məsul adam istefa bəyanatı verməli və baş vermiş olaya görə üzr istəməli idi. Ölkəmizdə isə ən mötəbər nazirliklər daxilində bu qədər olaylar baş verir, amma buna görə məsuliyyəti, heç mənəvi məsuliyyəti də öz üzərinə götürən yoxdur. Bu da təbii ki, ölkəmizin siyasi quruluşu, idarəetmə sisteminin fəlsəfəsinin düzgün qurulmaması ilə bağlıdır. MTN-nin qanunsuz əməliyyatları nəticəsində bəlkə yüzlərlə insan həbs edilib, cinayətkar edən olunub, əmlakı müsadirə olunub. Bəzilərinin girişinə, digərlərinin də gedişinə yasaq qoyulub. Bunların heç biri araşdırılmır. Həmin qurumun özbaşınalığı nəticəsində vətəndaşlar mənəvi cəhətdən trilyon manatla ölçülən ziyanlar çəkib. Bunu kimsə öz üzərinə götürməli, kimlər prosesə məsuldursa cəmiyyətdən üzr istəməli, bu istiqamətdə bəyanat verilməlidir. Səlahiyyət sahibi olsaydım şəxsən bunları edərdim. Artıq 25 ildir ki, müstəqil dövlətik. Məhəmməd Əmin Rəsulzadənin qurduğu dövlətin hüquqi-siyasi varisləriyik. Amma o varislikdən əsəs-əlamət görmürük. Biz Azərbaycan Demokratik Cümhuriyyətinin qaydalarını, demokratik dəyərlərini daşısaydıq, ölkəmizdə istefa mədəniyyəti də, hansısa bir olaya görə rəhbər vəzifəli şəxslərin üzr istəmələri də adi olardı. Amma ölkəmizdə monopoliyanın mövcudluğu və onun hakimiyyətin ayrı-ayrı qollarında təmərgüzləşməsi sivil münasibətlər sistemini arxa plana atır. Ona görə də baş vermiş bu kimi xoşagəlməz olaylara görə ən azından kimsə belə mənəvi məsuliyyət daşımır. İnsanlara dəyən ziyanın kim tərəfindən ödəniləcəyi sualı da bizdə təəssüf ki, sual olaraq qalır”.
ELÇİN
www.yenicag.az