!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"MTN işi"ndə zərərçəkənin başına gələnlər, vəkilin müdafiə etdiyini satması - İş adamı danışır

!Reklam – Yazi

“MTN işi”ndə zərərçəkmiş kimi tanınan iş adamı Əzizov Vidadi Əsgər oğlunun MTN-nin əməkdaşları tərəfindən 700 min dollarının əlindən alınması barədə ifadəsinin yalan məlumat olduğu iddia edilib.

Məsələ ilə bağlı Yenicag.az-a müraciət edən Əzizov haqqında yayılan iddiaları təkzib edib. O, bu məlumatların yalan və iftira olduğunu, informasiyanın uzaq qohumu, məhkəmədə nümayəndəsi olan şəxs tərəfindən sızdırıldığını qeyd edib.

Vidadi Əzizov bildirib ki, 2015-ci ilin iyun ayında ləğv edilmiş MTN-in rəhbəri Eldar Mahmudov haqqında ölkə prezidenti İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili İşlər Naziri Ramil Usubova şikayət ərizəsi verib.

Özü haqqında məlumat verən Vidadi Əzizov bildirib ki, o, xaricdə gübrə ticarəti ilə məşğuldur:

“Türkiyədən, İspaniyadan İrana gübrə, Makedoniyadansa soya gətirirdim. Orada qazandığım pulu 2012-ci ilin aprel ayının 7-də Azərbaycana gətirərkən ləğv edilmiş MTN-in əməkdaşlarının qanunsuz hücumuna məruz qaldım. Banka gələn 1 milyon dolları əlimdən aldılar və məni MTN-ə apardılar. Orada həmin pulun 700 min dollarını götürdülər, 300 min dollarını özümə qaytardılar. Onlar mənə bildirdilər ki, bu söhbət bir yerə çıxsa, başına hər şey gələ bilər. Bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məni, sürücümü saxladı, bir neçə maşınımı əlimdən aldılar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bildirdi ki, MTN-ə pul vermisən, bizə də 500 min dollar verməlisən. Bunların hamısı haqqında 2015-ci ilin iyun ayının 20-dən atam, anam prezidentə, Baş prokurora, DİN-ə şikayət etdi. Bir müddət sonra prezident İlham Əliyev bu məsələlərdən xəbərdar oldu. 2015-ci ilin sentyabr ayının 17-də MTN-ə getdim. Çünki atamla anamı hədələyirdilər ki, ərizənizi geri götürün. Orada bildirdilər ki, pulun yarısını qaytaracağıq. Ölkə prezidenti İlham Əliyevin 2015-ci ilin oktyabr ayının 17-də MTN-in ləğv edilməsi ilə bağlı qərarı oldu. Bu qərardan sonra Baş prokurorun köməkçisi Nemət Əvəzov məni qəbul etdi. Sabahısı gün məni Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərdilər. Bundan sonra cinayət işi açıldı. O cinayət işi 2 il davam etdi. Həmin cinayət işi başlananda mən zərərçəkmiş kimi qeydə alındım, sonra zərərçəkmiş kimi təsdiq olundum. Qarşı tərəf məndən şikayət etdi ki, xarici kəşfiyyat orqanlarına işləyirəm. İş məhkəməyə getdikdə sübut olundu ki, MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsinin şöbə rəisi, polkovnik Mirəziz Əsgərov məndən 700 min dollar alıb”.

Vidadi Əzizovun sözlərinə görə, ondan ləğv olunmuş MTN əməkdaşlarının 700 min dollar alması sübut olunsa da, mülki iddiası qəbul edilməyib:

“Ali Məhkəmədə mülki iddiamın təmin edilməsi ilə bağlı işə baxılacaq. Ümid edirəm ki, mülki iddiam təmin olunacaq”.

Vidadi Əzizov onun haqqında mətbuatda gedən yazılara münasibət bildirərək bunları deyib:

“Məhkəmədə mənim nümayəndəm, uzaq qohumum olan Fəxrəddin Məmmədov haqqımda yalan ifadələr verib. Fəxrəddin Məmmədov prokurorluq orqanlarından rüşvətxorluğa görə uzaqlaşdırılıb. Sonradan vəkillik fəaliyyəti ilə məşğul olub. Vəkilin müdafiə etdiyi şəxsin sirlərini yayması özü bir cinayətdir. Əlimdə onun mənim haqqımda ifadə verməsi barəsində sənədlər var.

Fəxrəddin Məmmədov bildirir ki, mənim pulumu almayıblar. Ancaq məhkəmədə Mirəziz Əsgərov, Aydın Manafov məndən 700 min dollar aldıqlarını etiraf ediblər. Məni müdafiə edən şəxs necə bu qənaətə gəlib? Bilmək istəyirəm”.

Sonda Vidadi Əzizov prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili İşlər Naziri Ramil Usubova müraciət edərək bildirib ki, əgər hər hansısa bir qanun pozuntusu olubsa, onu məsuliyyətə cəlb etsinlər.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2309
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv