“Bəziləri elə düşünür ki, dik burun, yekə dodaqlar, böyük yanaqlar gözəllikdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında müasir dövrdə insanların dəb xəstəliyi və gözəllik anlayışı barədə danışan psixoloq Ezgi Şahin deyib.
Onun sözlərinə görə, bəzi insanlarda gözəllik anlayışı hələ tam formalaşmayıb.
“Bəziləri elə düşünür ki, dik burun, yekə dodaqlar, böyük yanaqlar gözəllikdir. Əvvəlki dövrü araşdırsaq, görərik ki, gözəllik anlayışı tamam başqa cür olub. O zaman belə anlaşılır ki, bəzi insanlar həmin əsrin, dövrün tələbatına görə özlərini dəyişməyə çalışırlar. Ona görə də bunlar sırf psixologiyaya təsir göstərən məqamlardır. Özgüvənsiz insanlar nə qədər estetik əməliyyat olunsa, özlərini dəyişməyə çalışsalar belə, hələ də çirkin, çatışmazlıqlı olduqları düşünürlər. Halbuki həmin çatışmazlıq hissi bədən və simada deyil, daxili düşüncədir, yəni, özgüvən əskikliyidir”, – deyə o vurğulayıb.
Psixoloq qeyd edib ki, əslində, dəbli olmağa çalışmaq da bir xəstəlikdir.
“Ona görə ki, dəbli olmaq başqasında marka, bahalı çanta görüb onu alaraq istifadə etmək deyil. Dəbli olmağa çalışan bəzi insanlar həmin çantanı, telefonu sırf markadır, adı var deyə, almaq istəyir. Halbuki ondan daha ucuz və daha keyfiyyətli əşyalara da rast gəlirlər. Əslində, bunu üzərinə getmək də bir xəstəlikdir. Bəzi insanlarda “mən kənardan çox gözəl görünüm”, “hamıdan gözəl və dəbli mən olmalıyam” fikrinin təməlində də özgüvən əskikliyi yatır. Həmin insanlar bəzən estetik və geyimlə gözəl olmağa çalışırlar, amma mənəvi hisslərdən məhrum ola bilirlər”, – deyə o fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi
www.yenicag.az