!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müasir jurnalistikada YAZILMAYAN QAYDALAR – “Bəzən ən rahat yolu seçirik”

!Reklam – Yazi

“Bu günün jurnalistikası artıq təkcə xəbər, yazı və ya reportaj hazırlamağa yox, həm də istənilən materialı daha cəlbedici formada təqdim etməyə köklənib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında xəbər saytlarının multimedianın imkanlarından daha səmərəli şəkildə istifadəsi barədə danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.

Onun sözlərinə görə, müasir dövrün mətbuatı klassik jurnalistikadan xeyli fərqlidir:

“Ötən əsrin qəzetlərini vərəqləsən, bu günün oxucusuna o qədər də maraqlı olmayan mənzərə açılacaq. O, adətən, ağ-qara çap, sönük fotolar, uzun-uzadı və yorucu məqalələrlə üz-üzə qalmalı olacaq. İnternetin kütləvi olaraq dünyada yayılması medianı fundamental olaraq dəyişdi, hər bir KİV üçün böyük imkanlar yarandı. Bu günün jurnalistikası artıq təkcə xəbər, yazı və ya reportaj hazırlamağa yox, həm də istənilən materialı daha cəlbedici formada təqdim etməyə köklənib. Biz artıq multimedia dövrünə qədəm qoymuşuq və müasir rəqəmsal texnologiyanın gücünə söykənərək, xəbər paylaşımında mətnlə yanaşı audiovizual vasitələrdən yararlana bilərik”.

Onun sözlərinə görə, bu trendlər Azərbaycan mətbuatında da yer alıb:

“İstifadəçini cəlb etmək üçün yerli media qurumları mətnlə paralel multimedianın gücündən istifadə edirlər. Di gəl, problem də az deyil. Adətən, yerli jurnalist multimedia deyəndə, yalnız mətnə foto və videonun əlavə edilməsini düşünür. Halbuki bu belə deyil. Multimedia materialı uyğun foto və videodan əlavə, digər vasitələrlə də bəzədilə bilər. Məsələn, mətbuat hiperlink keçiddən çox az hallarda yararlanır. Halbuki yazını belə keçidlərlə bəzəmək həm axtarış sistemi üçün önəmlidir, həm də oxucunu öz saytında daha çox saxlamaq imkanı yaradır. Hansısa köhnə xəbərə keçid verməklə oxucu ona maraqlı görünən yazıya keçə bilər. Başqa resursdan götürülən xəbərə hiperlink verməklə həm də bir istinad mədəniyyəti formalaşdırmaq olardı. Oxşar mövzulara keçid verən xəbər başlıqlarını mətnin daxilində və ya sonunda yerləşdirmək də multimedia dövründə əhəmiyyət kəsb edir”.

İ. Rafiqoğlu qeyd edib ki, iqtisadi xəbərlərdə bolluca rəqəmlərlə üzləşən oxucunun yazını daha yaxşı anlaması üçün mütləq qrafiklərdən istifadə edilməsi daha məqsədəuyğundur:

“Yəni rəqəmlərlə tanış oluruq, sonra vizual olaraq qrafik vasitəsi ilə mənzərəni daha yaxşı anlaya bilərik. Özü də bu qrafikləri ən sadə proqramların köməyi ilə yaratmaq olur. Təəssüf olsun ki, mətbuatda xəbəri belə yolla vermək ənənə halına çevrilməyib. İnfoqrafika, videoinfoqrafika, lonqrid kimi yeniliklərdən yararlanan informasiya resurslarını barmaqla saymaq olar. Dünyada aparıcı media qurumları adı hallanan yeniliklər uzun illərdir tətbiq edirlər. Hətta karikatura janrı da bir multimedia vasitəsi kimi yenidən gündəmə qayıdıb”.

“Bizim mediada isə bu vasitələrin çoxu istifadə edilmir. Multimedia materialı çoxlu güc, qüvvə, zaman tələb edən bir formatdır. Kiçik saytların buna maliyyəsi, böyük resursların isə istəyi yoxdur. Yazını bəzəmək üçün əlavə kadrlara ehtiyac var. Bu səbəbdən, bizdə ən rahat yolu seçmək – sadəcə, foto və mətn vermək adi hala çevrilib. Bəzən fotonun mövzuya uyğun olub-olmaması da sual doğurur.

“Bu istiqamətdə hansısa dəyişiklik gözlənilirmi” sualına gəldikdə isə, yəqin, multimedianın daha geniş formada yayılması yeni texnoloji prosesə bağlı olacaq. Əvvəllər çox güc aparan işləri artıq süni intellektə ötürməklə daha çox iş görmək mümkündür. Bizim mətbuat da gələcəkdə multimedia tərəfdən daha maraqlı yazılar təklif edə biləcək”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv