Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mübariz Mənsimov “Saat qalmaqalı”ndan yazdı: “Prezidentin oğlu əsgər gedir, bunların övladları isə...”

“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ölkə gündəminin əsas mövzusuna çevrilmiş “Saat qalmaqalı”na münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Mübariz Mənsimov sosial şəbəkədə bu məsələyə həsr etdiyi paylaşımda məmur övladlarının dövlətin nüfuzuna zərbə vuran harınlıqlarına görə məsuliyyətsizlik mühiti yarandığını vurğulayıb.

“Palmali”nin rəhbəri paylaşımında prezident İlham Əliyevin övladlarını harın həyat tərzi ilə diqqət mərkəzinə düşən məmur uşaqlarına nümunə göstərib:

Yenə bir zümrə dövlət məmuru, adını haqq etməyən biriləri iş adamlarına sataşmağa davam edir, onları dövlətlə, xalqla üz-üzə qoymağa həyasızcasına cəhdlər göstərirlər. Bununla da öz ciblərini, öz vəhşi instinktlərini xalqın, millətin, dövlətin maraqlarından üstün tutan bu məmurlar bütöv bir cəmiyyətdə dövlətə qarşı inamsızlığın əsasını qoyurlar.

Bu dəfə sıra Fərhad Əhmədova çatıb. 2-3 gündür gündəmi “saat qalmaqalı” zəbt edib. Hər şey açıq-aydındır. Sənəd var, sübut var. Ad var, soyad var. Bəs onda niyə məsələyə aidiyyəti olmayan adamların adı ortaya atılır?! Fərhad Əhmədov illərdir tanıyıram, dostumdur. Nə o özü, nə də oğlu heç vaxt milyonluq saatlar taxmayıblar. Onlar bir dəfə də olsun, görməmişlik, görgüsüzlük etməyiblər.

Ümumiyyətlə, iş adamlarının övladları bu tip nanəcib, naxələf və nankor məmur övladlarından xeyli fərqlənir. Məmur övladları hətta dövlət başçısının övladlarından da fərqlənirlər. Dövlət başcısının ailəsi, qızları xəstəxanaları, uşaq evlərini, məcburi köçküləri, müharibədə şəhid olan igid əsgərlərimizin ailələrini, əlil olmuş zabit və əsgərlərimizi ziyarət edirlər, onların dərdinə şərik çıxırlar, əllərindən gələn köməyi əsirgəmirlər.

Gözləri puldan doymayan məmurların uşaqları isə ölkə-ölkə gəzib kef axtarırlar. Prezidentin oğlu əsgər gedir, bunların övladları isə xarici ölkələrdə dövlətimizin adını batırmaqla məşğuldurlar. Nə baş verir? Bunun ən pis, ən təhlükəli tərəfi isə odur ki, kimsə buna görə məsuliyyət daşımır. Xətaları doğru görmək lazımdır ki, yanlışları bir daha təkrar etməyəsən.

Çünki, hər şeyə görə, bir gün o dünyada cavab verəcəksən. Rəbbim “kimsən?”, – deyə soruşduqda, unutmasınlar ki, hər kəs öz əməllərinə görə elə öz kəndirindən asılacaq.

Namuslulara, öz əziyyəti ilə uğur sahibi olanlara ləkə yaxmayın. İş adamlarını qorumaq lazımdır. Onlar dövlətin məqamında oturub xalqın cibinə girmirlər. Onlar xaricdə pul qazanıb, həmin pulları öz ölkələrinin dövriyyəsinə buraxırlar. Onlar oğru deyil və oğru məmurların nifrətini qazanmalarının ən böyük səbəbi də budur”.

www.yenicag.az

4554