“Mübarizə varsa, mütləq nəticəsi olacaq”

media-hightechnic-468x90

87819Yeni Demokratiya” Hərəkatı sədri Razi Nurullayev ölkənin siyasi arenadakı passivliyini şərh edib. Yenicag.az politoloqun “a24.az”a müsahibəsini olduğu kimi təqdim edir:
– Azərbaycandakı siyasi partiya bolluğunda siz də yeni təşkilat yaratmısınız. Mövcud siyasi passivlik fonunda sizin yeni təşkilat yeni bir söz deyə biləcəkmi?

– Hər yeni yaranan təşkilat çox iddialı olur. Təbii ki, sonrakı mərhələdə onlara dedikləri bəlağətli sözlərə görə yox, gördükləri işə görə qiymət verilir. Yaratdığımız “Yeni Demokratiya” Hərəkatı da iddia ilə yaradılıb. Hələ ki, yaradılma, strukturlaşma mərhələsindədir. Hazırda paralel olaraq müxtəlif layihələr, müxtəlif təkliflər üzərində işləyirik. Yəqin ki, siz hərəkatın real fəaliyyətini iki aydan sonra görə biləcəksiniz. İndi təşkilati məsələlər həll olunmalıdır. Bir məsələni tam olaraq əminliklə deyə bilərəm ki, “Yeni Demokratiya” Hərəkatının fəaliyyəti indiyə qədər olan ənənəvi fəaliyyətlərdən kəskin şəkildə fərqlənəcək.

– Bu fərqlilik özünü nədə göstərəcək?

– Bu fərqlilik proqramımızda, iqtidara, müxalifətə münasibətimizdə özünü göstərəcək. Özümüzün xalqla işləmək metodumuz, formatımız olacaq. Bu gün heç bir siyasi təşkilat deyə bilməz ki, biz xalqı arxamızca aparmaq gücünə malikik. Çünki insanların siyasətə inamı sındırılıb. Belə demək olarsa, insanlar siyasətdən iyrəniblər. Ona görə ki, hər zaman oyun görüblər, hər zaman söz verilib yerinə yetirilməyib. Xalqın inamını bərpa etmək çox çətindir. Onları inandırmaqla siyasətə qaytarmaq mümkünsüz görünür. Bununçün konkret olaraq hər hansı bir fəaliyyət yerinə yetirmək lazımdır. İşimizlə gündəmə gəlmək fikrimiz var.

– Çox iddialı danışırsınız. Amma bu, heç də inandırıcı görünmür. Siyasətçilərin çoxu belə deyib. Amma göründüyü kimi, xalqın inamını qazana bilmədilər…

– Xalqın inamının itirilməsinin günahı məndə deyil. Siyasətçilər indi xalqın onların arxasınca gəlməməsindən gileylənirlər. Ancaq 1988-ci ildən başlayaraq 90-cı illərin ortalarına qədər bu xalq küçələrə də çıxırdı, haqqını da tələb edirdi. Xalq həmin xalqdır. Sadəcə, onun itmiş inamını qaytarmaq lazımdır. Bunun üçün xalqın yalan vədləri ilə doymadığı yeni simaların meydana çıxmasına ehtiyac var. “Yeni Demokratiya” Hərəkatında artıq gözümüzün öyrəşdiyi adamlar olmayacaq. Biz bura yeni insanları cəlb edəcəyik. Onlar hansısa siyasi oyunlarda, çaxnaşmalarda iştirak etmiş adamlar olmayacaq. Bu, əlbəttə ki, çox çətindir. Xalqın heç kəsə inamı qalmayıb. Əlim-qolub sınıb yanıma düşsə də, ruhdan düşmürəm. Fikirləşirəm ki, mübarizə varsa, mütləq nəticəsi olacaq.

– Demək istəyirsiniz ki, “köhnələr”in hamısını sıradan çıxarmaq lazımdır?

– Yox, kimlərinsə siyasətdən getməsini, yoldan çəkilməsini tələb etmək düzgün olmazdı. Onlara maneə kimi baxmaq olmaz. Sadəcə, cəmiyyətə simasını itirməyən yeni siyasətçilər təqdim olunmalıdır. Mən bununla bağlı konkret addımlar atmağa başlamışam: bir nəfərin adını artıq “Facebook” səhifəmdə paylaşmışam. Bu, Müsavat Partiyasından olan Əhəd Məmmədlidir. Mən ona dəstək olacam və növbəti adamları da təqdim edəcəm. Fikrimcə, bu insanları cəmiyyətə təqdim etməklə insanların siyasətə inamını qaytara bilərik. Hazırda isə bu, mümkünsüz görünür.

– Sizin sözlərinizdən belə çıxır ki, köhnə siyasətçilər öz simalarını tamamilə itiriblər?

– Xeyr, mən belə söz deyə bilmərəm. Mən özüm də siyasətçiyəm. Eyni sözü mənə də qaytara bilərlər. Siyasətçilər simalarını itirməyiblər, sadəcə olaraq bəzən mübarizə forması düzgün seçilmir və münasibətlər düzgün qurulmur. Eyni zamanda, məsuliyyətlə deyə bilərəm ki, onların istifadə edəcəkləri “silahlar”ı, ideyaları, enerjiləri tükənib. Müasirliklə ayaqlaşıb yeni mübarizə metodları seçə, yeniliyə uyğunlaşa bilmirlər. Bu baxımdan da onların fəaliyyəti bir az “əndrabadi” görünür. Fikrimcə, ən zəif siyasətçinin də Azərbaycan üçün xidməti olub. Hesab etmirəm ki, Azərbaycandakı siyasətçilərdən kimsə Azərbaycanın məhvini istəyir. Hər kəsin şəxsi maraqları var, lakin şəxsi maraqlar naminə ölkənin məhvini istəyən siyasətçi yoxdur.

– Azərbaycandakı partiyaların ən ağrılı məsələsinə – partiya üzvlərinin sayı məsələsinə gələk. AXCP-dən çıxarkən sizinlə gələnlər oldumu? Hazirda nə qədər tərəfdar yığa bilmisiniz?

– Mən “Cəbhə”dən çıxan zaman oradan heç kimi gətirmədim. Gəlmək istəyənlərə də gəlməmələrini məsləhət gördüm. Bundan əvvəl də dedim ki, mən siyasətdə olan insanları hərəkatda görmək istəmirəm. Bizim əsas prinsipimiz belə olacaq: təşkilata “sən öl-mən ölüm”lə, üzə salmaqla adam gətirməyəcəyik. Ümumiyyətlə, mən üzvlük məsələsinə köhnəlmiş metod kimi baxıram. Məncə, inandırıcı çıxışla seçkilərdə seçiciləri ələ almaq və insanları hansısa ideologiyaya bağlamaq olar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600