Rusiya-Ukrayna müharibəsinin sonu bu zaman baş tutacaq - HƏRBİ EKSPERTİN PROQNOZU
“Rusiya Ukrayna müharibəsi tərəflərdən birinin tükənəcəyi müddətə qədər davam edəcək”.
Bunu Rusiya Ukrayna müharibəsinin hazırkı mərhələsini Yenicag.az-a qiymətləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Onun sözlərinə görə, Rusiya hələ də Ukraynanı sıxışdırmaq üçün taktiki irəliləyişlər etməyə çalışır, amma böyük uğurlar əldə edə bilməyib:
“Rusiya 2025-ci ilin yaz kampaniyasında itkilərlə qarşılaşsa da, silah-sursat və insan resurslarını səfərbər etməklə qarşı tərəf qarşısında üstünlük əldə etməyə çalışır. Rusiya hazırda sərhədlərdə sabitləşmə, mövqelər əldə etməyə və Ukraynanın yeni hücumlarını hazırlıqlı şəkildə qarşılamağa yönəlmiş strategiya seçib.
2025-ci ilin ortalarından bu yana Rusiya əsasən tez və kütləvi keçid taktikasından uzaqlaşıb, daha çox lokal hücumlar, manevrlər və ön xətlərdə təzyiq göstərməklə müharibəni davam etdirir.
Tərəflərin mühüm texnika və canlı qüvvə itkisi davam edir. Məsələn, Ukrayna Rusiyanın silah-sursat tələbatı və istehsalat qabiliyyətlərinə ciddi zərbələr endirir. Ukrayna mənbələrinə görə, Rusiyanın zirehli texnika itkisi yüksəkdir və bu, əməliyyat qabiliyyətini məhdudlaşdırır.
Hava hücumları, dron zərbələri və uzaq məsafəli raketlər vasitəsilə Ukraynanın enerji, logistika və infrastruktur obyektlərinə zərbə endirilməsi intensivləşib. Məqsəd Ukraynanın müdafiə qabiliyyətini zəiflətməkdir”.
Məhərrəmov qeyd edib ki, hər iki tərəf üçün ehtiyat qüvvə mənbələri getdikcə daralır:
“Rusiyanın səfərbərlik sistemi genişlənsə belə, cəsarət və ixtisaslaşma məsələləri ortaya çıxır.
Analitiklər hesab edir ki, gələcəkdə münaqişə “donmuş” statusuna keçə bilər — böyük ərazilər üzərində tam nəzarət mümkün olmayacaq və cəbhə xətti uzun müddət sabit qalacaq.
Rusiya texniki, strateji resurslara və ehtiyatlara daha çox malikdir, amma itkilər və logistika problemləri ilə üzləşir. Ukrayna isə Qərbin dəstəyi ilə hücum qabiliyyətini saxlayır, lakin resurs çatışmazlığı risk altındadır. Əgər Ukrayna yeni hücumlar həyata keçirməyib və resurslarını qoruyub saxlayarsa, Rusiya üçün davamlı böyük irəliləyişlər çətin olacaq. Hazırkı mərhələdə tərəflər bir-birini tükətmək üçün zərbələr endirir. Əgər bu müharibə hansısa mərhələdə diplomatik yollarla razılaşma ilə dayandırılmasa, tərəflərdən birinin tükənəcəyi müddətə qədər davam edəcək. İndiki mərhələdə müharibənin davam edəcəyi daha real görsənir”.
Səxavət Məmməd