"ABŞ-nin şərtləri HƏMAS üçün qəbuledilməzdir" - POLİTOLOQ
“ABŞ-nin şərtləri HƏMAS üçün qəbuledilməzdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.
Politoloq ABŞ prezidenti Trampın HƏMAS-ın geri çəkilmə şərtinə razılaşması haqqında verdiyi açıqlamanı şərh edib:
“ABŞ Prezidenti Donald Trampın son bəyanatı Yaxın Şərqdə vəziyyətin yeni mərhələyə keçdiyini göstərir. Prezidentin sözlərinə görə, HƏMAS ABŞ-nin təklif etdiyi geri çəkilmə planını qəbul edib və əgər tərəflər müəyyən şərtlərlə razılaşsalar, atəşkəs dərhal qüvvəyə minəcək. Bu bəyanat, əslində, HƏMAS-ın müəyyən güzəştlərə getdiyini göstərsə də, planın icrası həm hərbi, həm də siyasi baxımdan çox mürəkkəb görünür. Çünki “geri çəkilmə” dedikdə söhbət faktiki olaraq Qəzzanın böyük bir hissəsinin İsrailin nəzarətinə verilməsindən gedir və bu, HƏMAS üçün ideoloji və siyasi baxımdan qəbuledilməz ssenaridir”.
Qarayeva Trampın irəli sürdüyü şərtlərin HƏMAS-ın qəbul etmə ehtimalının çətin olduğunu bildirib:
“HƏMAS-ın bu tələbləri tam şəkildə yerinə yetirməsi ehtimalı olduqca aşağı qiymətləndirilir. Təşkilat uzun illərdir İsrailin mövcudluğunu rədd edən mövqedə dayanır və onun nəzarətinə keçəcək ərazilərdən könüllü şəkildə imtina etməsi daxili legitimliyini ciddi şəkildə zədələyə bilər. Digər tərəfdən, Qəzzada ictimai rəyin də böyük hissəsi bu addımı “məğlubiyyətin tanınması” kimi qəbul edəcək. Buna görə də HƏMAS, görünür, formal razılıq versə belə, şərtləri dəyişdirmək və ya icrasını ləngitmək taktikasından istifadə edəcək. ABŞ-nin bu məsələdə məqsədi HƏMAS-ı siyasi dialoqa məcbur etmək və Qəzza üzərində beynəlxalq nəzarət mexanizmini bərqərar etməkdir. Tramp administrasiyası “şərti atəşkəs” modeli ilə həm İsrailin təhlükəsizliyini, həm də Qəzzada idarəetmənin transformasiyasını təmin etməyə çalışır. Lakin bu yanaşma Yaxın Şərqdə sülh üçün deyil, daha çox ABŞ-ın regiondakı diplomatik və strateji təsir dairəsini genişləndirmək məqsədinə xidmət edir”.
HƏMAS-ın ərazi cəhətdən geri çəkilməsinin ideoloji olaraq da geri çəkilmə anlamına gəldiyini vurğulayan politoloq bunun HƏMAS-ın parçalanmasına qədər gətirib çıxara biləcəyini diqqətə çatdırıb:
“Ümumilikdə, atəşkəsin reallaşması üçün HƏMAS-ın yalnız hərbi yox, həm də ideoloji mövqeyindən geri addım atması tələb olunur. Bu isə təşkilatın daxili strukturunda parçalanma və müqavimət riski yaradır. Odur ki, Trampın irəli sürdüyü şərtlər sülhə doğru bir addım kimi səslənsə də, real müstəvidə onların icrası həm HƏMAS, həm də İsrail üçün ciddi siyasi dilemmanı gündəmə gətirir”.
Nurlan Cəfəri