Söz və qürurun zirvəsində: "Azərbaycan zabiti" adlı kitabın təqdimat mərasimi keçirildi – FOTO/VİDEO
Bu gün Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında şəhid polkovnik-leytenant Mehman Qənbərovun həyat yoldaşı Xuraman Qənbərovanın ərsəyə gətirdiyi “AZƏRBAYCAN ZABİTİ” adlı kitabın təqdimat mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, təqdimatda Yasamal Rayon İcra Hakimiyyətinin müavini Təravət Muradova, Vətən müharibəsi qəhrəmanı Polkovnik Nizami Mövlanov, tərxis olunmuş hərbçilər, Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və hərbi ekspert Emin Həsənli, Bakı şəhəri Gənclər və İdman İdarəsi sektor müdiri Gündüz Vəliyev, jurnalist, ehtiyatda olan polkovnik-leytenant Zakir Hüseynov, Azad Vətən Partiyasının sədri Akif Nağı, şairlər Allahverdi Qiyaslı, Tahirə Həbibi, Almaz Allahverdiyeva, Yasamal Rayon 161 nömrəli məktəbin direktoru Rəna Hüseynova, məktəbin müəllim kollektivi, Mehman Qənbərovun övladları Nurlan və Cihan, qazilər, ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri açıq elan edən Səbail rayon MKS-nin şöbə müdiri Şəbnəm Babaşova qonaqları salamlayıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Mehman Qənbərovla bağlı hazırlanmış video kadrlar nümayiş etdirilib.
Tədbirin açılışında Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və hərbi ekspert Emin Həsənli çıxışında Azərbaycan himnindəki misraları xatırladaraq, “Hüququndan keçən əsgər, Mehman və Mehman kimi şəhidlərimiz də yaşama hüququndan keçdi” deyərək, şəhidlərimizin mübarizəsini və həyatını müqəddəs bir xidmət kimi qiymətləndirib.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin müavini Təravət Muradova çıxış edərək belə önəmli bir gündə bütün iştirakçıları bir araya topladığı üçün Xuraman xanıma dərin təşəkkürünü bildirib. Təravət xanım vurğulayıb ki, belə qiymətli və əhəmiyyətli kitabların nəşri, gənc nəsillərə qəhrəmanlarımızın həyatını və mübarizəsini tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır.
“Biz belə layihələrin daha çox olmasını arzulayırıq və Yasamal rayon İcra Hakimiyyəti olaraq, şəhid ailələrinin hər zaman yanındayıq” deyə o, fikirlərini tamamlayıb.
Sonra söz Vətən müharibəsi qəhrəmanı, polkovnik Nizami Mövlanova verilib. O, çıxışında bildirib ki, Mehmanın qəhrəmanlığı və vətən uğrunda göstərdiyi fədakarlıq heç vaxt unudulmayacaq:
“Mehman bizə iradə, əzmkarlıq və torpaqlarımız uğrunda mübarizənin necə olmalı olduğunu göstərdi. Mehman döyüşlərdə həmişə pozitivliyini qoruyub, həmkarlarını ruhlandıraraq döyüşə daha böyük əzmlə qatılmalarına səbəb olurdu”.
Azad Vətən Partiyasının sədri Akif Nağı çıxışında qeyd edib ki, Mehman şəhid olmaq üçün, sanki, əvvəlcədən hazırlaşırdı:
“Onun son anı belə, Vətəninə xidmətlə keçdi. Biz onun adını hər zaman qəlbimizdə saxlayacaq və yaşadacağıq”.
Daha sonra söz Yasamal Rayon 161 nömrəli məktəbin direktoru Rəna Hüseynovaya verilib. O, çıxışında bildirib ki, Mehmanın adının əbədi yaşadılması bizim üçün böyük qürur mənbəyidir:
“Xuraman xanım ilə 2024-cü ildə tanış oldum və şəhid ailəsinə göstərdiyim diqqət, Mehman bəyin xatirəsinə olan ən kiçik borcumdur”.
Tədbirdə çıxış edən qazı Vasif Allahverdiyev vurğulayıb ki, Mehman xalqını və Vətənini çox sevirdi:
“Onun qəlbindəki Vətən sevgisi, döyüşdəki cəsarəti və fədakarlığı hər birimizə örnək olacaq. Bugün Vətən uğrunda canını qurban vermiş qəhrəmanlarımıza həsr olunan bu layihənin icrası və kitabın çapdan çıxması bizim üçün böyük bir sevinc və fərəh hissi doğurur”.
Şair Allahverdi Qiyaslı kitabın ərsəyə gəlməsindən danışıb və kitabdan bir parça şeir səsləndirib.
Daha sonra şəhidin qardaşı Cavid Qənbərov söz alıb. O, “Azərbaycan zabiti” kitabında əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.
Hərbi jurnalist Pərviz Aslanov isə çıxışında qeyd edib ki, ehtiyatda olan zabit kimi 44 günlük Vətən müharibəsində iştirak edib:
“Mehman Qənbərovun olduğu korpusa göndərildim. Məqsədim, ona sürpriz etmək idi, buna görə də ona zəng etmədim ki, görüşümüz daha xüsusi olsun. Lakin, heyf ki, Mehman özü də bizə “sürpriz” hazırlamışdı. Şəhid xəbərini aldıq”.
Sonra Polkovnik-leytenant, müharibə veteranı Zakir Hüseynov söz alıb və Mehman ilə tanışlığından bəhs edib. O vurğulayıb ki, 44 günlük müharibədə yüksək rütbəli zabitlərin şəhid olduğu döyüşlərdə iştirak edib və Mehman Qənbərovun döyüşlərdəki əzmini və ruhunu xatırladıb.
Daha sonra söz Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru Nərmin Xəlilovaya verilib. O bildirib ki, belə qiymətli layihələrin həyata keçirilməsi gələcək nəsillərə nümunə olmalıdır:
“Əminəm ki, şəhidlərimizin ruhları bu müqəddəs torpaqlarda, xüsusən də Qarabağda dolaşır”.
Sonra söz Mehman Qənbərovun məğrur xanımı Xuraman Qənbərovaya verilib. O, çıxışında Mehmanın qardaşlarını yanına çağıraraq, onlara da dəstəkləri üçün minnətdarlığını ifadə etdi:
“Məni heç bir zaman yalnız qoymadınız, bugün də yanımdasınız”.
Xuraman xanım, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Daha sonra qonaqlara kitab təqdim olunub və tədbir xatirə şəkli çəkilməsi ilə başa çatıb.
Məsimə Məmmədova
Samir Məcidov