ABŞ-da müəllimlər üçün silahdan atış təlimi keçirilir.
Yenicag.az xəbər verir ki, bu təlimlər Birləşmiş Ştatlarda son illərdə məktəblərdə baş verən qətliamlardan sonra verilən qərara əsasən təşkil olunur.
Telekanalın reportajında bildirilib ki, təlimdə müəllimlərə silahdan istifadə, ona qulluq edilməsi, bədənin hansı nöqtələrinə atəş açılması, obyektin hədəf alınması məşğələləri keçirilir. ABŞ-ın Yuta ştatında başlanan pilot təlimlərdə silahla müdafiə texnikası, yaralılara ilk tibbi yardımın göstərilməsi də öyrədilir.
ABŞ hüquq-mühafizə orqanlarının rəsmiləri bildiriblər ki, silahları ilə məktəbə gələcək olan müəllimlər onlardan necə istifadə edilməsini də yaxşı bilməlidirlər. Qeyd olunur ki, artıq yüzlərlə müəllim təlim kurslarında iştirak etmək üçün müraciət edib.
Müəllimlərin silahlandırılması və silahdan atış təlimlərinin keçirilməsi silaha qarşı olan təşkilatların etirazına səbəb olub. Onlar hesab edirlər ki, bu “silah mafiyası”nın mənfəəti üçündür.
Birləşmiş Ştatların hər bir ştatının silahla bağlı öz qanunu var. Məsələn, Vermontda 16 yaşına çatmış hər bir sakin icazə almadan silah satın ala bilirsə, Montanada bu yaş həddi cəmi 14-dür./AZƏRTAC/
www.yenicag.az