Muğan otlaq sahəsi fermerlərin əlindən alınır.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, Saatlı, İmişli, Səlyan, Biləsuvar bölgələri arasında yerləşən Muğan otlaq sahəsindəki fermerləri oradan çıxarırlar.
Muğan otlaq sahəsində təxminən 300-ə yaxın fermer çalışır. Onlardan da 100-ə yaxınının məcburi köçkünlər olduğu deyilir. Hər fermerin ən azı 500-700 baş qoyunu olduğu bildirilir.
Otlaq sahəsini fermerlərin əlindən kimin aldığı isə onların özü üçün də müəmma olaraq qalıb. Fermerlər bildirir ki, onlara həmin ərazidə pambıq əkiləcəyi deyilib. Ancaq sahəsi əlindən alınan fermerlər bildirir ki, hansısa şirkət orada taxıl əkəcək.
Məsələ ilə bağlı Dövlət Əmlak Komitəsi və Kənd Təsərrüfatı Nazirliyindən fermerlərə dəqiq heç nə deyilməyib.
Kənd Təsərrüfatı Nazirliyindən saytımıza bildirilib ki, məsələ araşdırılır.
Səxavət Məmməd
www.yenicag.az