“Münaqişə bitdikdən sonra mina partlayışları nəticəsində 110-dan çox azərbaycanlı zərər çəkib”

Bu gün ATƏT Parlament Assambleyasının (ATƏT PA) Büro iclası keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir iştirakçıları cari ilin iyul ayında baş tutacaq ATƏT PA-nın illik Sessiyasına hazırlıq işləri, qurumun məsul şəxsləri və bir sıra komitələrinin hesabatları, eləcə də pandemiya dövründə ATƏT PA-nın fəaliyyətinə dair bir sıra məsələləri müzakirə ediblər.

İclasda çıxış edən qurumun vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olunması, eləcə də Ermənistanın Azərbaycana qarşı törətdiyi bir sıra müharibə cinayətlərinə dair bir sıra məqamlara toxunub.

ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev Büronun bugünkü iclasında ATƏT-in cari gündəminin ən aktual mövzularından və ATƏT regionunda ən dinamik məsələlərdən biri olan Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması məsələsi barədə danışıb: “Məlumat üçün bildirirəm ki, ATƏT PA-nın 1-ci və 3-cü Komitələrinə məktub ünvanlayaraq Ümumi Komitələrə Ermənistanla Azərbaycan arasındakı münaqişənin bitməsindən sonra ərsəyə gələn humanitar, iqtisadi və təhlükəsizlik məsələlərini ətraflı izah etmişəm. Məktuba verdiyi cavab və bölgədə davamlı sülhün bərqərar edilməsinə Komitənin dəstəyini ifadə etdiyi üçün 1-ci Komitənin sədri Konqresmen Riçard Hadsona təşəkkür edirəm. Bugünkü çıxışımda əsas problemlərdən biri olan günahsız vətəndaşlarımızın mina partlayışları nəticəsində həyatlarını itirməsi məsələsini qaldırmaq istərdim.
Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki minaların xəritəsinin təqdim etməkdən imtina etməsi ciddi hərbi cinayətdir. Bu günə olan məlumata görə mina partlayışları nəticəsində münaqişə bitdikdən sonra ümumilikdə 110-dan çox azərbaycanlı zərər çəkib. Onlardan 20-dən çox insan həlak olub, 90-a yaxın vətəndaşımız isə yaralanıb.

Azərbaycanın keçmiş məcburi köçkünlərinin bu ərazilərə ən qısa müddətdə qayıtması istiqamətində apardığı geniş işlər, minalar səbəbindən ciddi şəkildə çətinləşir. Azərbaycan artıq BMT-nin müvafiq qurumlarına, ATƏT institutlarına mina təmizlənməsi fəaliyyətində kömək üçün müraciət edib. Ölkəmiz hazırda minaların təmizlənməsi üzrə işləri həyata keçirir, lakin beynəlxalq təşkilatların dəstəyi bu baxımdan çox vacibdir”.

ATƏT PA-nın vitse-prezidenti müvafiq beynəlxalq təşkilatlar, BMT-nin Minalardan Təmizləmə Xidməti, ATƏT qurumları, habelə beynəlxalq qeyri-hökumət təşkilatlarının Ermənistandan minaların xəritəsini ən qısa müddətdə verilməsini tələb edəcəklərinə ümid etdiyini bildirib: “Büro üzvlərini yuxarıda göstərilən məsələlərin beynəlxalq hüquq normalarına və prinsiplərinə tam uyğun şəkildə həll olunmasına dəstəklərini göstərməyə çağırıram. Birgə səsimizin bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasına əhəmiyyətli dərəcədə kömək edə biləcəyinə inanıram”.

COP29