“Yasamal rayonuna başçı gələn hər kəs deyir ki, araşdırıb cavab verəcəyik, ancaq 4 ildir, gözləyirik”.
Bu fikirləri Yenicag.az-a müraciətində mənzillə təmin olunmasında süründürməçiliklə üzləşmiş özü və üç ailə üzvü əlil olan Zeynalov Yusif Soltan oğlu deyib.
İki oğlu, həyat yoldaşı və özü 2-ci qrup əlil olan Yusif Zeynalov 2008-ci ilə qədər şəxsi evinin olduğunu bildirib:
“2008-ci ilə qədər bizə kömək etmələri üçün dövlət qurumlarına dəfələrlə müraciət etsək də, onlardan heç bir cavab almadıq. Sonda ailə üzvlərimi müalicə etdirmək üçün evimi satmağa məcbur oldum.
İki oğlum, həyat yoldaşım və mən 2-ci qrup əlilik. Heç birimiz işləmirik və artıq 2008-ci ildən kirayələrdə yaşayırıq. 2013-cü ildən isə Yamal rayon Polis İdarəsində qeydiyyatdayıq.
Yasamal rayonunda Rusiyada yaşayan bir tanışımız vardı, mənzili boş idi. Bir müddət orada yaşadıq. Oğlumun biri ailələidir, onun da iki övladı var, İsmayıllıda kirayədə yaşayırlar. Çünki oğlum ruhi xəstədir, gündəlik ambulator müalicə alır. Belə olan halda nə o aliəsi ilə bir yerdə yaşaya bilmir, nə də maddi durumumuz imkan vermir ki, bir yerdə yaşayaq.
Bütün dövlət qurumlarına, Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmişəm, icra başçılarının, Mənzil komissiyası sədrinin qəbulunda olmuşam, amma nəticə yoxdur. Prezidentimiz əlillərə çox diqqət yetirir, daim onların qayğısına qalır, ancaq bizim müraciətlərimizin İlham Əliyevə çatmasına imkan vermirlər”.
Yusif Zeynalov qeyd edib ki, 2016-cı ildən ev növbəsində olsalar da, hələ ki mənzil ala bilməyiblər:
“Axırıncı dəfə Yasamal rayon icra hakimiyyətinin yeni başçısı Elşad Həsənovun qəbulunda olanda ondan xahiş etdim ki, növbəmizi tezləşdirsin. O da dedi ki, araşdırıb cavab verəcəklər. Ondan xahiş etdim ki, bizim müraciətimizi dövlət başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırsın.
Əminəm ki, onlar bizim vəziyyətimizdən məlumatlı olsalar, mənzillə təmin olunmağımıza yardım edəcəklər. Heç birimiz işləmirik, ailədə hamımız həkim nəzarətində yaşayırıq, kirayələrə pul çatdırmırıq”.
Səxavət Məmməd
www.yenicag.az