Müsavat bəyanat verdi
Müsavat Partiyası başqanın müşaviri Yadigar Sadiqovla bağlı bəyanat verib
Partiyanın mətbuat xidmətindən daxil olan xəbərə görə, Şüvəlan təcridxanasından çıxarılan Y.Sadıqovun hara aparıldığı haqqında nə vəkilləri, nə də ailəsi məlumatlandirilmayıb:
“Hakimiyyətin siyasi sifarişi əsasında şərlənərək həbs edilən Müsavat Partiyası Apellyasiya Məhkəməsi 22 iyul 2014-cü il tarixdə başa çatıb. Qərarın təcridxanaya təqdim edildiyi gün Y.Sadıqov Cəzaçəkmə Müəssisəsinə köçürülməli idi. Onun dünənədək saxlanıldığı Şüvəlan təcridxanasının rəhbərliyinin məlumatına əsasən Yadigar bəy qeydiyyatda oldugu Lənkəran şəhərinə yaxın olan, Salyanda yerləşən “Xələc” həbsxanasına göndərilməli idi. 02 avqust saat 12:00-da “Xələcə aparırıq” adı ilə adı ilə Y.Sadıqov Şüvəlan təcridxanasından çıxarılsa da, Xələcə aparılmayıb və onun hara aparıldığı haqqında nə vəkilləri, nə də ailəsi məlumatlandirilmayıb.
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə görə, məhkum edilmiş şəxsin yerdəyişməsi halı ilə əlaqədar onun yaxınlarına, vəkillərinə dərhal məlumat verilməlidir (maddə 16.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidirlər.) və məhkum edilmiş şəxs cəzasının yaşayış yerinə yaxın müəssisədə çəkməlidir. (maddə: 65.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkirlər.)
Müsavat Partiyası Yadigar Sadıqovun qanunveriçiliyin tələblərinə zidd olaraq yaşayış yerinə yaxın müəssisəyə köçürülməməsi, eləcə də hara aparılması ilə bağlı məlumatın gizlədilməsini kobud qanun pozuntusu olmaqla yanaşı, Müsavat Partiyasının üzvlərinə qarşı hakimiyyətin repressiyalarının davamı olduğunu bəyan edir.
Müsavat Partiyası hakimiyyətdən Yadigar Sadıqovla bağlı yol verilən qanunsuzluqlara son qoyulmasını, bu barədə ən qısa zamanda Müsavat Partiyasına, eləcə də ictimaiyyətə rəsmi məlumat verməsini və eyni zamanda Y.Sadıqovun və bütün siyasi məhbusların azad olunmasını tələb edir”.