“Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?!”
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışının bu epizodu bütün dünyanı silkələdi.
Dünyanın aparıcı media qurumlarının manşetdən verdiyi bu sözlər əslində İlham Əliyevin çıxışının əvvəlindəki bu sözlərin məntiqi sonluğu idi: “Mən miqrant böhranı haqqında dəfələrlə öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, öz canlarını qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur. Onların ölkələri xarici müdaxilə nəticəsində dağıdılıb. Onların şəhərləri yerlə-yeksan edilib, yaxınları, qohumları, yüz minlərlə insan həlak olub. Onlar öz canlarını qurtarmaq üçün Avropaya pənah aparırlar. Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir. Bu da, əlbəttə ki, əgər belə demək mümkündürsə bu ilin əlamətidir və bu, sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur.”
Bəli, dünyaya sivilizasiyalararası dialoqdan bəhs edən Avropanın ikiüzlülüyü ortadadır. Necə deyərlər, dinimə söyən, müsəlman olsa…
Öncəliklə, daimi silahı olan söz azadlığı, insan hüquqları məsələlərində bu qədər “humanist” olan Avropanın bu suallara cavab verməsi yaxşı olardı.
Söz azadlığının məhdudluq çərçivəsini kim müəyyənləşdirir?
Və ya siyasi məhbus anlayışında hansı kriteriyalara əsas götürülür? Avropanın mərkəzində yerlərdə sürünən, boğucu qazlarla darmadağın edilən, həbs edilən aksiyaçıları da “siyasi məhbus” saymaq olarmı, olmazmı?
Avropalı təəssübkeşliyi ancaq müsəlmanlara gəldikdəmi oyanır?
Ermənistanda baş verən insan haqqlarına dair vəhşiliklər “demokratiyaya dair bir addım” sayılır, fəqət Azərbaycanın xırda bir problemi fəlakət sayılırsa, bu xristian təəssübkeşliyi deyilsə də, nədir?
Bu qədər “humanizm”in Avropanın keçmişi ilə əlaqəsi varmı?
Məsələn, aşağıda sadalananların Avropaya qəti dəxli yoxdur.
- “Erməni soyqırımı olmayıb” deyənləri həbsə atdıran İsveçrə, Fransa kimi ifadə azadlığının “at oynatdığı” ölkələr Avropa qitəsində yerləşmir.
- Koperniki “dünya kürə formasındadır və fırlanır” həqiqətini dilə gətirdiyi üçün onu diri-diri tonqalda yandıran katolik kilsəsi olmayıb.
- “Bədəninə cin girib” deyə minlərlə qadını və uşağı da tonqallarda oda verən xristian kilsəsi deyildi.
- Bu gün kök hüceyrə və genetik kopyalama tədqiqatlarının ən böyük əlehdarı da kilsə deyil.
- Afrika və Asiya qitələrində müstəmləkə zülmünü tətbiq edənlər avropalılar deyildilər. Yüz minlərlə afrakalını kölə edib Amerikaya aparan, burada onlardan müsəlman olanları zorla xristianlaşdıran, əməklərini istismar edib varlananlar da avropalılar deyildilər.
- Unutmayaq ki, Xocalı Soyqırımından sonra Papanın erməni canilərinə parlaq qələbələrindən ötrü təbrik məktubu göndərməsi Avropanın yüksək “humanizm”indən xəbər verirdi…
- İllər boyu Bosniyada qadınlar zorlandı, uşaqlar öldürüldü, bu gün 200 mindən artıq insanın nə ölüsü, nə də dirisi tapılmayıb, lakin Avropa Parlamenti bu hadisələrə “humanistcəsinə” tamaşa etməklə kifayətləndi.
- İraqda, Suriyada öldürülən dinc əhalinin sayı milyonları keçdi.
- Əfqanıstanda hələ də bomba partlayışları normal hal olaraq, qəbul olunur. Avropa bunları da görmür.
- Onların humanist siyasəti o qədər insanı heyran edir ki, humanizmdən lap ölmək istəyirsən.
İllərdən bəri Azərbaycana davamlı təzyiq yolunu tutan Avropa unudur ki, Qafqazda tam 12 əsr xristian erməni və gürcülər müsəlmanların, yəni bizim idarəmiz altında yaşadılar. Eləcə də bütün Balkanlar, İspaniya, Hindistan əsrlərlə müsəlmanların idarəsi altında oldu. Bu gün nə ermənilər, nə gürcülər, nə yunanlar, nə ispanlar müsəlman deyillər, xristiandırlar. Biz onları başqa dinə mənsubdurlar deyə ölkələrindən qovub çıxarmadıq. Lakin kilsə İspaniyada bir dənə belə olsa müsəlman qoymadı. Öldürə bildiyini öldürdü, qaça bilənlər qaçdı, qaça bilməyənlər isə zorla xristianlaşdırıldı. Bir əsr öncəyə qədər əhalisinin üçdə ikisi Azərbaycan türkü olan Ermənistan ərazisində bu gün bir nəfər azərbaycanlını boş ver, heç müsəlman kürd belə tapa bilməzsən.
Ancaq Avropa bu gerçəkliyi görməz… Görmək istəməz…
Eləcə də, bu cümlələr hər avropalı xristianın qəbul etdiyi “İncil”də yazılmayıb:
- Luka İncili: 22: 49. İsanın yanındakılar (həvarilər) başverəcəkləri dərk edən kimi dedilər: “Ey Rəbbimiz qılıncla vuraqmı”?
- Luka İncili: 22: 50 Onlardan (həvarilərdən) biri baş kahinin qulunu qılıncla vuraraq qulağını kəsdi.
- Yuhanna İncili: 18: 10. Semyon Pyotr yanındakı qılıncı sıyırdı, baş kahinin Malkus adlı köləsini vurub, sağ qulağını qopardı.
- Matta İncili: 10: 34 (İsa dedi) “Zənn etməyin ki, yerüzünə sülh gətirməyə gəldim. Sülh üçün deyil, qılınc gətirməyə gəldim”.
- Luka İncili: 22,36. “O, onlara (İsa həvarilərinə) dedi: “İndi isə kisəsi olan da torbası olan da onları özü ilə götürsün, qılıncı olmayan əbasını satıb qılınc alsın”.
İndi əbasını satıb qılınc alanların, qulaq qoparanların nəvələri bizə “humanizm”, “insan haqqları”, “söz azadlığı”ndan bəhs edən yaxşılıq mələklərinə çevriliblər…
Hər bir qövmün yeddisi nəydisə, yetmişi də odur…
Bizim tariximizdə qara ləkə heç olmadı… Ancaq sizin keçmişiniz bütövlüklə, qaradan ibarətdir…
Bu səbəbdən də, bizi qınayana qədər, gedin keçmişinizlə üzləşin…
İndi cənab Əliyevin də dediyi kimi, müsəlmanları qəfəsdə saxlayanlarla necə inteqrasiya edək?..
Aqil ƏLƏSGƏR
P.S. Əslində dünən İstanbulda keçirilən Enerji Zirvəsindən paylaşılan fotoqraf Qərbə ən böyük mesajdır. Davamı gəlsin…
www.yenicag.az