Ötən əsrin 70-ci illərindən başlanan milli özünüdərk duyğularının, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində müstəqillik uğrunda mübarizənin yüksəlişi Heydər Əliyevin rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi canlanma və milli mübarizlik ruhunun təşəkkülü nəticəsində mümkün oldu.
Müstəqil dövlət qurmaq uğrunda davamlı mübarizə aparan Azərbaycan xalqı yalnız ötən əsrin sonlarında bu müqəddəs arzusuna qovuşmaq imkanı qazandı. 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»ı qəbul olundu. Azərbaycan dövlət müstəqilliyni elan etsə də həmin tarixi dönəmdə müstəqil siyasət yürüdülməsində ciddi problemlər mövcud idi.
Hakimiyyətə «8 xarici dövlətin dəstəyi ilə gəldiyini» iddia edən AXC-Müsavat cütlüyünün naşı və yarıtmaz fəaliyyəti nəticəsində ölkədə vəziyyət mürəkkəbləşmişdi. Hüquq-mühafizə orqanlarının öz üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdu.
AXC-Müsavat cütlüyünün ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməsi də xalqın təkidli tələbi ilə bağlı idi. Ulu öndər 1993-cü il iyunun 9-da Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranın aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək qiyamçılarla danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra – iyunun 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi.
Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlancığına çevrildi. Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gəlməsi Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçillyini qoruyub saxlamış, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.
Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun tətbiqinə nail olmuşdur.
Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici tədidlərdən qurtuldu. Çağdaş Azərbaycan tarixinin həqiqi müstəqillik mərhələsi başlandı. Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən atəşkəs əldə edilmişdi.
Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Ölkə başçısı İlham Əliyevin son 14 illik fəaliyyətinin üstün cəhəti bundan ibarətdir ki, dövlət başçısı praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməyi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atmağı, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır. Ölkəmiz təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur. Azərbaycan dövləti milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirmişdir. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərmişdir.
Son illər dünyada cərəyan edən proseslər – yaradılan süni konfliktlər göstərir ki, “soyuq müharibə”nin əsas aktorları nəinki ayrı-ayrı dövlətləri siyasi və iqtisadi nüfuz dairəsinə salmaq istəyir, hətta onların Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan qanuni sərhədlərini də dəyişdirir, zorakı üsullarla ərazi ilhaqına nail olurlar. Regionda sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son bir ildə də aparılan danışıqlarda da ciddi nəticələr olmadı. Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər və təşkilatlar problemin həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. BMT qərarlarının səmərəli təsir gücünə malik olmadığını təşkilatın Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul etdiyi 4 qətnamənin kağız üzərində qalması da təsdiqləyir.
İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə, münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Azərbaycan ordusu ötən ilin aprelin 1-5 tarixlərində düşmən təxribatının qarşısını alaraq əks hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və müzəffər Azərbaycan Ordusunun sürətlə irəliləməsi Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Azərbaycan ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına otrumağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi.
Apreldə baş verən hadisələr bir sıra reallıqları da üzə çıxardı. İlk növbədə məlum oldu ki, Azərbaycana xalqının milli maraqları daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri, rəhbəri var! Ali Baş Komandanın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri Ordumuzun böyük ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın böyük dəstəyi ilə qarşılandı.
«Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir»- deyən Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlar naminə daim vahid mövqedən çıxış etdiyini bir daha bəyan etdi. Azərbaycan Silahlı Qüvvələrinin – hərbçilərimizin döyüş və qələbə ruhu insanlarda böyük qürur və sevinc hissləri doğurdu. Bir daha təsdiqləndi ki, ötən illər hədər getməyib – 1994-cü ilin may ayında atəşkəs barədə sazişin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində işlər göz qabağındadır.
Aprelin əvvəllərində Azərbaycan tərəfi hərbi əməliyyatlar zamanı üstünlüyü və təşəbbüsü ələ alaraq haqlı mövqeyini qətiyyətlə ortaya qoydu. Həm Ermənistan, eləcə də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər də başa düşdülər ki, mövcud status-kvonun zamanı artıq bitib, vaxt uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümükün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Aşkar göründü ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan işğalçı dövlət, ideoloji, siyasi, hüquqi, iqtisadi və hərbi müstəvilərdə Azərbaycana uduzur.
Müstəqil Azərbaycan iqtisadi cəhətdən də möhkəmlənib. Prezidenti İlham Əliyev bildirib:
«İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaq, onda biz müstəqil siyasət apara bilməyəcəyik. Ona görə bütün səylərimizi indi bu istiqamətə yönəltmişik».
Ölkəmizdə aparılan uğurlu islahatlar vaxtaşırı beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Dünya İqtisadi Forumu 2017-2018-ci illər üzrə qlobal rəqabətlilik indeksində Azərbaycan 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Qlobal rəqabətlilik reytinqi iş adamları arasında sorğu və müxtəlif mənbələrə istinadla tərtib olunur. Ötən hesabatda Azərbaycan 138 ölkə arasında 37-ci, 2015-2016-cı illərin hesabatında 140 ölkə arasında 40-cı yerdə idi.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin “Cənub-Cənub” mükafatını almış və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilmişdir. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pillədə qərarlaşmışdı. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir.
Müstəqilliyimizin bərpasının 26 illiyinin tamamında əminliklə demək olar ki, müasir Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərərərək dünyada öz layiqli yerini tutub. Bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi qarşıda duran bütün problemləri ən qısa zamanda həll etmək və Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltməkdir.
Baba TAĞIYEV,
«İrəli Azərbaycan» İctimai Birliyinin sədri
www.yenicag.az