Xəbər verildiyi kimi, İctimai Televiziyanın efirində yayımlanan “Gündəlik” serialında müəllimin şagirdlərin gözü önündə jurnalisti tənqid etdiyini əks etdirən epizod ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub. Həmin epizodda jurnalistin savadı müəllim tərəfindən sorğuya çəkilir, ona qarşı hücum pozisiyası nümayiş olunaraq aşağılanır.
Bir növ media nümayəndələrinin ünvanına “söz atma” aqressiyası ilə yoğrulan səhnə təsvir olunur. Jurnalistlərin bu cür təqdim olunması ictimaiyyətdə və eləcə də media nümayəndələri arasında birmənalı qarşılanmayıb.
Maraqlıdır, sözügedən serialın senari müəllifi müəllimlə jurnalist arasındakı bir neçə saniyəlik epizodla izləyicilərə nəyi çatdırmaq istəyib? Müəllim obrazını canlandıran aktyorun səsləndirdiyi fikirlər niyə aqressiya kimi qarşılanıb?
Qeyd edək ki, serialın rejissoru Pərviz Həsənov, ssenari müəllifi Qan Turalı, təsvir rejissoru Pərvanə İlham, bəstəkarı Promete, kreativ prodüseri Hüsniyə Məhərrəmova, prodüseri Vüqar Əliyev, layihənin ideya müəllifi və rəhbəri Şakir Eminbəylidir.
Məsələ ilə bağlı ssenari müəllifi olan Qan Turalı və layihə rəhbəri Şakir Eminbəyli ilə əlaqə yaratmaq mümkün olmayıb.
“Gündəlik” serialının baş prodüsseri Vüqar Əliyev isə Bizim.Media-ya açıqlamasında rezonans doğuran məsələyə belə münasibət bildirib:
“Serialın məqsədi insanlara baş verən reallıqları, eləcə də dırnaqarası və qaymaq jurnalistikanı göstərməkdir. Ümumiyyətlə, məqsədimiz xalqı maarifləndirmək, sağlam, araşdırdığı mövzunu dərindən öyrənən jurnalistlərin olmasına dəstək verməkdir. Biz bu serialda tək jurnalistikaya yox, həyatımızda baş verən bir çox reallıqlara toxunmuşuq. Özünü jurnalist sayan, bu ada layiq olan şəxslər bizə bu epizoda görə təşəkkür edir. Lakin özünü media camiəsinə daxil etmək istəyən, amma əslində həmin epizodda göstərilən fərd kimi, dırnaqarası jurnalist olanlar buna görə inciyə bilərlər. Bu kimi şəxslər xaricində “Gündəlik” serialını xalq çox gözəl qəbul edib”.
Vüqar Əliyev sözügedən layihənin Elm və Təhsil Nazirliyinə aidiyyəti olub-olmaması məsələsinə də toxunub:
“Bu layihənin Elm və Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur. Nazirlik sadəcə müəyyən fraqmentlərin məktəbdə çəkilməsinə köməklik göstərib.” – deyə, müsahibimiz bildirib.
Epizodda şagirdlərin müəllim-jurnalist polemikasında birbaşa iştirakı, həmin vaxt dərsdə olmamaları, baş verənləri smartfon telefonlarında lentə almalarının əks olunması məsələsi də ciddi müzakirə yaradan məqamlardan olub.
Prodüsser “bəs bu səhnə nə dərəcədə doğrudur?” sualına belə cavab verib:
“Bu gün məktəblərdə smartfondan istifadə olunmurmu? Tənəffüs zamanı şagirdlərin smartfondan istifadəsinə qadağa varmı? Əgər qadağa varsa belə, biz əslində bunu çəkməklə jurnalistlərə həm də bir mövzu verdik ki, gedib məktəblərdəki vəziyyəti araşdırsınlar”.
Məlumat üçün bildirək ki, 20 seriyadan ibarət olan “Gündəlik” adlı bədii serialın 9 bölümü yayımlanıb. Dram janrında olan serialda cəmiyyətdə baş verən hadisələr “Maarif” adlı bir jurnalın əməkdaşlarının ətrafında və onların iştirakı ilə göstərilir. Əsas mövzular isə təhsil məsələləri ilə bağlıdır.
www.yenicag.az