Muzdlu döyüşçü, yoxsa əsir? – Azərbaycan vətəndaşlarının başqa ölkədəki müharibədə iştirakının HÜQUQİ NƏTİCƏLƏRİ
“Ukrayna tərəfindən əsir götürülən Azərbaycan əsilli vətəndaşlar yalnız Ukrayna tərəfindən məsuliyyətə cəlb edildikdən sonra ekstradisiya yolu ilə Azərbaycana təhvil verilə bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında hüquqşünas Xəyal Bəşirov bildirib.

Hüquqşünas Ukrayna tərəfindən döyüşərək Rusiyanın əsir götürülən və ya Rusiya tərəfindən döyüşərək Ukrayna tərəfindən əsir götürülən Azərbaycan əsilli vətəndaşların ölkəyə gətirilməsinin hüquqi yollarını izah edib:
“Rusiya tərəfdən Ukraynaya qarşı və ya Ukrayna tərəfdən Rusiyaya qarşı və ümumiyyətlə dünyanın ayrı-ayrı dövlətlərində baş verən müharibələrdə azərbaycanlıların iştirak etməsi məsələsi zaman-zaman gündəmə gəlir. Əgər əsir düşən şəxs Rusiya vətəndaşıdırsa, onun vətəndaşı olduğu dövlətin öhdəliyidir ki, həmin şəxsin qurtarılması ilə bağlı addımlar atsın. Şəxs Ukrayna tərəfdən döyüşərək əsir götürülürsə, Azərbaycan əsilli olsa belə, Ukrayna vətəndaşıdırsa, eyni vəzifələr Ukrayna dövlətinin üzərinə düşür. Əgər əsir düşən şəxs Azərbaycan vətəndaşıdırsa, qanunvericilik Azərbaycan vətəndaşının başqa ölkədə keçirilən döyüş əməliyyatlarında iştirak etməsini qadağan edir. Bu şəxs Azərbaycan vətəndaşıdırsa, gedib müqavilə əsasında könüllü döyüşürsə, digər tərəfə qarşı silah tətbiq edərək insanları öldürür, hücum əməliyyatlarında iştirak edirsə, həmin ölkədə məsuliyyətə cəlb edilməlidir. Əgər həmin ölkə üçün döyüşdüyünə görə məsuliyyətə cəlb edilmirsə, onlar Azərbaycana daxil olduğu zaman Azərbaycan ərazisində məsuliyyətə cəlb edilməlidirlər. O şəxslər yalnız həmin ölkələrdə məsuliyyətə cəlb edilərlərsə, Azərbaycana ekstradisiya edilə bilərlər. Çünki həmin şəxs Ukrayna ərazisində cinayət törətmiş hesab edildiyi üçün Ukrayna tərəfindən həbslə cəzalandırıla bilər yalnız.”
X. Bəşirov Azərbaycan dövlətinin hansı halda məsələyə müdaxilə edə biləcəyini geniş izah edib:
“Azərbaycan zaman-zaman belə analoji addımlar atıb. Ölkə vətəndaşlarının təhlükəsizliyi, onların həyatı üçün hərəkətə keçib. Belə hallar dəfələrlə baş verib. Suriya nümunəsi, məsələn. Belə hadisələr zamanı Azərbaycan dövləti hərəkətə keçərək vətəndaşlarının təhlükəsizliyi üçün addımlar atır. Ukrayna-Rusiya müharibəsində də Azərbaycan dövləti öz vətəndaşını qorumaq üçün addımlar ata bilər. Əgər o şəxs Ukraynanın ərazi bütövlüyünə qarşı təhdid yaradan addımlar atıbsa, bu halda Azərbaycan heç bir rol oynamır, şəxs Ukrayna qanunvericiliyi ilə məsuliyyətə cəlb edilir. Qeyd etdiyim kimi, yalnız bundan sonra onun ekstradisiya məsələsi müzakirə oluna bilər. Bu baxımdan düşünürəm ki, insanlar özləri belə qərarlar verərkən, hansısa maraqlar, hansısa gəlir müqabilində Azərbaycan dövlətinə aid olmayan, Azərbaycanın maraqlarına aid olmayan döyüş əməliyyatlarında iştirak etmələrinin qadağan olduğunu bilməlidirlər. Onlar yalnız Azərbaycan dövlətinin apardığı əməliyyatlarda, müharibələrdə iştirak etmək öhdəliyi daşıyırlar. Hesab edirəm ki, bu məsələdə vətəndaşlar məsuliyyətli olmalıdırlar və belə təhlükəli proseslərdə iştirak etməməlidirlər”.
Nurlan Cəfəri












