Hacıqabulda narkotik yetişdirən şəxs saxlanılıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Mübariz Abasov yaşadığı evin yaxınlığında saxlanılıb.
Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 15 ədəd çətənə bitkisi aşkarlanıb.
Dindirilmə zamanı M.Abasov törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Hacıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.
www.yenicag.az