Natiq Miri: “Qarabağda savaş təhlükəsi yenidən baş qaldıracaq”
Dünya 2017-ci ilə mövcud konfliktlərin heç birinin həll olunmaması ilə daxil oldu. Yaxın Şərqdə, postsovet məkanında mövcud olan konfliktlərin heç biri həllini tapmadı.
Görəsən, cari ildə sözügedən məkanlarda cərəyan edən münaqişələrlə bağlı hansı tendensiyalar baş verə bilər?
Politoloq Natiq Miri Yenicag.az-a bu barədə açıqlamasında bildirdi ki, Yaxın Şərq və postsovet məkanındakı münaqişələrin taleyi əsasən, ABŞ-ın yeni administrasiyası ilə Rusiyanın münasibətlərindən asılı olacaq: “Hələ də Yaxın Şərq və postsovet məkanında olan münaqişələr həll edilməyib. Ona görə də həmin ərazilərdə gərginlik yenə davam edəcək. Ayrıca onu da nəzərə almaq lazımdır ki, bu münaqişələrin həlli üçün mütləq mənada dünyanın həlledici güc mərkəzlərinin iradəsi və maraqları olmalıdır. Bu kontekstdə təbii ki, ABŞ çox əhəmiyyətli rol oynayır.
Yanvarın 20-də ABŞ-da Donald Trampın andiçmə mərasimi keçiriləcək. Bundan sonra yaxın 1 ay ərzində ABŞ-ın yeni administrasiyasının xarici və daxili siyasət üzrə prioritetləri müəyyənləşəcək. Yalnız bundan sonra bəlli olacaq ki, dünyada mövcud olan münaqişələrin sülhlə əvəzlənməsi prosesi baş verəcək, ya yox? ABŞ-ın yeni administrasiyasının Rusiya və digər dünya güclərilə anlaşma siyasəti üzrə proses davam edəcəksə, onda təbii ki, Yaxın Şərqdə sülhə nail olmaq mümkündür. ABŞ-Rusiya əməkdaşlığı təbii ki, postsovet məkanında, xüsusilə də Ukrayna və Cənubi Qafqazda olan münaqişələrin də həllində açar rolunu oynayacaq. Əgər Tramp administrasiyasına bu imkan verilməsə və qarşıdurma xətti davam edərsə, mövcud münaqişələr də daha da qızışacaq. Belə olduqda, Dağlıq Qarabağ problemi də cari ildə yenidən isti hərbi fazaya keçəcək. Bu, təhlükə çox realdır. Ermənistan heç bir vəchlə güzəştə getmək istəmir. Ona görə də yaz aylarına doğru Dağlıq Qarabağda yeni bir savaş təhlükəsinin baş qaldıracağı istisna deyil. Dağlıq Qarabağ postsovet məkanında bəlkə də ilk savaş məntəqələrindən biri olacaq. Gürcüstan da hər an Rusiya təhdidi ilə qarşı-qarşıyadır. Tiflis 2017-ci ildə bərabərhüquqlu üzv olaraq NATO-ya qəbul olunarsa, onda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi baş verər. Ukraynada da münaqişə yenidən alovlansa, Rusiya ilə böyük miqyasda savaşa çevrilər və nəticədə, qlobal səviyyədə böyük bir müharibənin təməli qoyular. Qərb birmənalı olaraq, Kiyevi müdafiə edir. Yaxın Şərq də yeni münaqişələrin başlanması üçün təhlükə mənbəyi olaraq qalmaqdadır”.
Elçin
Yeniçağ.Az