Xaçmazda yeniyetmə anasını bıçaqlayıb öldürdü
Xaçmaz rayonunun Çaykənarı kəndində 1983-cü il təvəllüdlü Həqiqət Məmmədova bıçaq xəsarətləri nəticəsində həyatını itirib.
Yenicag.az Milli.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, qadını onun 17 yaşlı oğlu qətlə yetirib.
Hadisənin ailə-məişət zəminində, qısqanclıq səbəbindən baş verdiyi ehtimal olunur. Qonşular bildiriblər ki, ana ilə oğul arasında telefon üstündə mübahisə yaranıb.
Ağır yaralanan Həqiqət Məmmədova təcili yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxananın həkimi Orxan Şeydayevin verdiyi məlumata görə, qadın çoxsaylı bıçaq xəsarətləri ilə tibb müəssisəsinə gətirilib: “Pasiyentdə döş qəfəsi və qarın nahiyəsində dərin kəsilmiş-deşilmiş yaralar, həmçinin sol dirsək oynağı, sağ said və sol əlin ovuc hissəsində çoxsaylı kəsiklər aşkar edilmişdi. Bütün reanimasiya tədbirlərinə baxmayaraq, qadın oktyabrın 30-da axşam saatlarında vəfat edib”.
Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.












