İranın F-35-ləri vurması yalan imiş – Deputat açıqladı
“İsrailə məxsus PUA istehsalı mərkəzlərinin aşkarlanması, casusların həbsi və “F-35″ təyyarələrinin vurulması barədə yayılan xəbərlər yalan idi. Dövlət televiziyası belə şayiələr yaymamalıdır”.
Yenicag.az xəbər verir ki, bunu İran parlamentinin millət vəkili Məhəmməd Baqiri deyib.
O, dövlət televiziyasının İsraillə son hərbi gərginlik fonunda yaydığı bəzi məlumatların əsassız olduğunu açıqlayıb.
Baqiri bildirib ki, 12 günlük İran-İsrail müharibəsi ilə bağlı ictimaiyyətə təqdim olunan bir sıra iddialar həqiqətə uyğun olmayıb. Onun sözlərinə görə, ölkədə yüzlərlə casusun həbs edilməsi ilə bağlı xəbərlər də şişirdilib: “Deyilənə görə, 600-1000 nəfər həbs olunub, halbuki bu doğru deyil. Ölkədə bu qədər casusluq olmayıb”.
Millət vəkili məsələnin arxasında “şübhəli əllərin” ola biləcəyini deyərək, mövzunun araşdırılmasına çağırıb.
O, həmçinin SEPAH-a yaxın media qurumlarının bu cür yalan məlumatların yayılmasında daha fəal olduğunu vurğulayıb.












