NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının rəsmi twitter səhifəsində Azərbaycan sülhməramlılarının əməliyyatda iştirakı ilə bağlı xüsusi videoçarx yayılıb.
Yenicag.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin rəhbəri, polkovnik-leytenant Tayfur Rüstəmovun ölkəmizin missiyadakı iştirakının məqsədləri ilə bağlı çıxışının videosu təqdim edilib.
Polkovnik-leytenant Tayfur Rüstəmov bildirib ki, sülhməramlılarımızın NATO-nun rəhbərlik etdiyi əməliyyatlarda iştirakı Alyans ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindəndir: “Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında müəyyən olunan “müvafiq beynəlxalq təşkilatların mandatı altında sülhməramlı və böhranlara cavab əməliyyatlarında iştirak” ölkənin müdafiə siyasətinin əsas məqsədlərindən biridir.
Bu kimi əməliyyatlarda iştirakımız ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfəsinin bariz nümunəsi olmaqla yanaşı Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının inkişaf etdirilməsinə və qarşılıqlı koordinasiyanın artırılmasına xidmət edir.
Azərbaycanın yüzdən artıq hərbi qulluqçusu “Qətiyyətli Dəstək” missiyasında iştirak edir. Hazırda missiyada NATO qüvvələri ilə yanaşı Azərbaycanın iki piyada bölüyü, tibb və qərargah zabitləri xidmət edir. Azərbaycan Əfqanıstanın gələcəyi naminə səy göstərir”.