NATO daxilində GİZLİ SAVAŞ: Fransa ordusu alyansdan niyə ayrılır?
“NATO-suz və ABŞ-siz Avropa təhlükəsizliyi modelinin siyasi gündəliyə çıxarılması hədəflənir”
Bu fikri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O, Fransanın NATO-dan ayrılmaqla bağlı layihəni parlamentə təqdim etməsi ilə bağlı fikirlərini səsləndirib. Politoloq bildirib ki, bu, heç də təəccüblü hal deyil:
“Bundan önvəlki dövrdə də tarixdə Fransanın NATO-dan ayrılması və yenidən qayıtması hadisəsi baş verib. Lakin indiki proseslər fərqli, geopolitik mənzərə dəyişkəndir. Çünki ABŞ ilə Avropa arasında ciddi fikir ayrılıqları və ziddiyyətlər var.
Avropanın ən böyük problemi bu gün Ukrayna ilə bağlıdır. Ukraynanın təhlükəsizliyi həm də Avropa üçün narahatlıqlar yaradır. Ukrayna məsələsinin həllində isə ABŞ yalnız öz maraqlarını güdür.
Avropaya və NATO-ya belə mesajlar verilir ki, ABŞ silah satmağa hazırdır, lakin bu silahların maliyyə yükünü Avropa dövlətləri öz üzərinə götürməlidir. Eyni zamanda, Amerika Birləşmiş Ştatları Rusiya ilə Avropanın əsas təhlükəsizlik təhdidlərini birbaşa müzakirə edir, lakin Avropa bu danışıqlarda iştirak etmir. Nəticədə Avropanın maraqları nəzərə alınmır və mövqeyi proseslərdə əksini tapmır.
Belə bir şəraitdə Avropanın aparıcı dövlətlərindən biri olan Fransanın NATO-dan çıxmaqla bağlı fikirlər irəli sürməsi təbiidir. Bununla belə, hazırda söhbət yalnız müvafiq layihənin parlamentə təqdim olunmasından gedir. Bu cür siyasi gedişlər qlobal siyasətdə tez-tez tətbiq olunur. Məqsəd ABŞ və NATO-nun reaksiyasını yoxlamaq, müzakirələr zamanı müxtəlif siyasi siqnallar ötürmək və yekun qərar öncəsi mövqeləri dəqiqləşdirməkdir.
Fransa da hazırda bu tip siyasi manevrlər həyata keçirir. NATO-dan ayrılma prosesi istisna olunmur. Çünki Fransa Avropa üçün müstəqil, avtonom və muxtar təhlükəsizlik qüvvələrinin yaradılması ideyasını irəli sürür, atlantizm konsepsiyasına isə fərqli yanaşma nümayiş etdirir. Fransada gedən proseslərə nəzər saldıqda milli şüurun yüksəlməsi, özünüdərk, qollizm siyasətinin yenidən gündəmə gəlməsi və Fransa mərkəzli Avropa təhlükəsizlik sisteminin formalaşdırılması ideyalarının gücləndiyi müşahidə olunur.
Qeyd etmək lazımdır ki, Avropa Siyasi İcması ideyasının müəllifi də Fransa Prezidenti Emmanuel Makrondur. Bu təşəbbüslər vasitəsilə NATO-suz və ABŞ-siz Avropa təhlükəsizliyi modelinin siyasi gündəliyə çıxarılması hədəflənir”, — deyə o bildirib.
Nəsimi Ələsgərli












