Naxçıvan Muxtar Respublikasının STATİSTİK GÖSTƏRİCİLƏRİ
2020-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2,292 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Yenicag.az bu barədə Naxçıvan MR Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, həmin dövrdə adambaşına düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 4978,2 manat təşkil edib.
Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 859,2 milyon manata yaxın vəsait yönəldilib, bu da ötənilki göstəricidən 1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 810,75 milyon manatı və ya 94,4 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
2020-ci ilin yanvar-oktyabr aylarında 431,4 milyon manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunub, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.
1 noyabr 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 91 075-ə çatıb. Bunun 79 458-i və ya 87,2 faizi aktiv hesablardır. 2020-ci ilin yanvar-oktyabr aylarında açılmış 31 462 bank hesabının 31 453-ü aktiv hesablar olub.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 noyabr 2020-ci il tarixə 1 397-ə çatıb.
2020-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan MR-nın xarici ticarət dövriiyyəsi 386,846 milyon dollardan çox olub. İxracın dəyəri 334,049 ABŞ dolları təşkil edib, 281,251 milyon dollar dəyərində müsbət saldo yaranıb.