Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, habelə ümumtəhsil məktəblərinin şagirdləri arasında hüquq olimpiadasına start verilib.
Naxçıvan Muxtar Respublikası insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən olimpiada muxtar respublikanın 90 illik yubileyinə həsr olunub.
İki turda keçiriləcək olimpiadada iştirak etmək üçün muxtar respublikanın 3 ali, 3 orta ixtisas təhsili müəssisəsindən, o cümlədən Naxçıvan şəhəri də daxil olmaqla muxtar respublikanın 7 rayonu üzrə 176 tam orta ümumtəhsil məktəbindən ümumilikdə 981 tələbə və şagird qeydiyyata alınıb.
Olimpiadanın ilk turu Naxçıvan şəhəri üzrə 12 nömrəli tam orta məktəbdə, həmçinin bütün rayon mərkəzlərində keçirilib. Olimpiadada Naxçıvan şəhəri və muxtar respublikanın 7 rayonunun 176 məktəbinin X-XI siniflərinin 677 şagirdi iştirak edib. Test üsulu ilə keçirilən birinci turda məktəblilər Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyalarına, muxtariyyətin tarixi və hüquqi əsaslarına dair 60 sual üzrə biliklərini sınayıblar.
Noyabrın 8-də olimpiada muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin II-III kurs tələbələri arasında keçiriləcək. Onlar da birinci mərhələdə 60 suala cavab verəcəklər.
Olimpiadanın nəticələri dövlət qurumları və elm, təhsil müəssisələrinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən yoxlanılacaq. Olimpiadanın II (yekun) turunda ən yüksək bal toplayan tələbə və şagirdlər qalib elan ediləcək.
(topnews.az)
www.yenicag.az