Nazir: “7 ildə maaşımın bir qəpiyini də götürməmişəm”
Türkiyədə 17 dekabr rüşvət və korrupsiya əməliyyatından sonra vəzifəsindən istefa verən eks-İqtisadi İnkişaf naziri Zəfər Çağlayan CHP lideri Kamal Kılıçdaroğluyla bağlı çox sərt sözlər işlədib.
Keçmiş nazir sözlərini Türkiyədə Tarsus mahalının Qovaqlı və Çağlayan məhəllələrində təşkil edilən mitinqlərdə deyib. Çağlayan Türkiyədə yüz ildə bir gələ biləcək bir liderin çıxdığını, bunun kimlərisə narahat etdiyini söyləyib: “Elə bir Baş nazirimiz var ki, yeddi dünya birləşsə onu əzməyə imkan vermərik”.
Çağlayan Kılıçdaroğlunu məhkəməyə verdiyini bildirib və ona meydan oxuyub: “Kılıçdaroğlunu məhkəməyə vermişəm. Məhkəmədə qazandığım pullarla Mersin şəhərində hamıya “tantuni” paylayacam. Çıxıb mənim haqqımda deyir ki, “bu nazir saat alıb”. Baxın, mən 7 ildə millət vəkili maaşımın bir qəpiyini də götürməmişəm, hər ay 100 tələbəyə təqaüd vermə şərəfinə nail olmuş bir qardaşınızam. Kamal Kılıçdaroğlu, buradan sənə meydan oxuyuram. Saat hədiyyə alan da, saat hədiyyə verən də, “hədiyyə saat aldı” deyən də alçaqdır, namussuzdur, vicdansızdır. Axşama qədər dedi-qodu, yalan danışmaq, iftira atmaqla məşğulsunuz”(axar.az).