Biz çox həssas millətik. Canımız yandığında özümüzə çətinliklə gəlirik. Həmin an dünyadakı bütün okeanlar, dənizlər, çaylar və göllərin suları belə, içimizdəki yanğını söndürməyə yetmir.
Eyni ilə 2 yaşlı Zəhra və nənəsinin ermənilər tərəfindən qətlə yetirilməsinin ürəyimizə saldığı od kimi. Belə məqamlarda mütləq hansısa yolla acımızı dindirəcək bir şeylər axtarırıq.
Ki, bu mənada fərqlənənlərdən biri də, Gənclər və İdman Nazirliyi oldu. Azad Rəhimovun nazir olduğu dövlət qrumunun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova yürüşlə bağlı öz şəxsi “facebook” hesabı vasitəsi ilə paylaşım edərək, gəncləri Rusiya, Fransa və ABŞ səfirliklərinin önünə çağırdı. Mətbuat da öz növbəsində Məmmədovanın statusunu trajladı, insanlara nazirliyin mesajını çatdırdı. Düzü, biz də həmin statusdan sonra redaksiya olaraq yürüşə qatılmağı qərar verdik, səhər üçün planlaşdırma apardıq. Amma…
Amması odur ki, axşam tərəfi yenə Səmayə Məmmədova diqqətləri cəlb etməyi bacardı. Xanım, bu dəfə hamını şoka salan paylaşım edərək, yürüşün olmayacağını bildirdi. Səbəb isə gənclər təşkilatları ilə keçirilən görüşdə, yürüşün yox, beynəlxalq təşkilatlarla görüşlərin, eləcə də, bəyanatlardan, müraciətlərdən istifadənin daha doğru olmasına qərar verilməsiymişmuşmüş… Təbii ki, bir mətbuat xidmətinin rəhbərinin gəncləri yürüşə çağırması üç-beş deyil, bütün gənclər təşkilatlarının bir araya gəlməsi ilə də mümkün deyil. Nazirliyin ən üst səviyyəsində belə bir qərar verilməsəydi, silinən status tirajlanmaqda davam edəcəkdi. Nəticə göz önündədir və biz Səmayə xanımın günah keçisi elan edilməsinə də razı deyilik, o bütün diqqəti öz üzərinə çəksə belə… Nazir və ya nazir müavini sonra geri oxuduqları bəyanatı verməsəydi, indiki vəziyyət yaranmaz və erməniyə yönəlməli olan aqressiya yürüşün baş tutmamasına görə, dövlətə yönəlməzdi…
Bu məqamda isə yürüşə hazırlaşan, məhz bu aksiya ilə azca da olsa, içindəki yanğını söndürməyə çalışan şəxslərin erməniyə olan aqressiyasının Azərbaycan dövlətinə və hakimiyyətinə yönəlməsi qaçılmazdır. Bilərəkdən və ya bilməyərəkdən bu addımın məqsədli şəkildə atılmasını əmr edən Azad Rəhimovun belə həssas məqamda hansı məqsəd güddüyü isə sual olaraq qalır.
Görünür, cənab nazir belə məqamda xal qazanmağa çalışıb. Lakin, sonda çıxılmaz vəziyyətdə qalan nazir, sudan quru çıxmaq üçün gənclərin təcrübəsizliyini qabardıb. Adətən, belə məqamlarda düşünülmüş addımlar atılır. Cənab nazir, bu oğlun Arif Rəhimova toy etmək deyil ki, “Buta”nı bağlatdırıb, bir milyon dollara xaricdən müğənni sifariş verib, çalıb-oynayasan… Bir az ciddi olun və hərdən Azərbaycanı da düşünün…
EMİN SƏFƏROV
www.yenicag.az