Nazir müavini: “Nəqliyyat sektorunda həyata keçirilən dəyişikliklər təkcə fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır”
“Bu il Azərbaycan mətbuatının 150 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə cənab Prezidentin sərəncam imzalaması, milli mətbuatımızın inkişafına verilən dəyərin bariz nümunəsidir”.
Yenicag.az xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Onun sözlərinə görə, bugünkü forum ictimai proseslərdə medianın artan rolunun müzakirə olunması baxımından mühüm platformadır:
“Ölkəmizdə gənclərin inkişafı istiqamətində atılan mühüm addımlar media mühitinin davamlı inkişafına və müasir tələblərə uyğunlaşmasına şərait yaradır. Bu yaxınlarda uğurla yekunlaşmış “Online Azərbaycan” layihəsi çərçivəsində ölkənin genişzolaqlı internetlə tam əhatə olunması informasiya imkanlarını artırmış, hətta ucqar bölgələrdə yaşayan vətəndaşların da müxtəlif mənbələrdən operativ məlumat almasına şərait yaratmışdır”.
R. Hümmətovun fikrincə, rəqəmsallaşma medianın ictimai nəzarət və şəffaflıq kimi əsas funksiyalarını gücləndirməklə yanaşı, alternativ informasiya mənbələrinin yaranmasına zəmin yaratmış, cəmiyyətin informasiya əldə etmək imkanlarını genişləndirmişdir:
“Son dörd il ərzində nəqliyyat və logistika sahələrində həyata keçirilmiş islahatlar nəticəsində xidmət keyfiyyətində və idarəetmənin səmərəliliyində nəzərəçarpacaq dəyişikliklər baş vermişdir. Daha çevik, koordinasiyalı və effektiv idarəetmə modelinin formalaşdırılması məqsədilə cənab Prezidentin sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Logistika Holdinqi” (ASKON) yaradılmışdır”.
O, söyləyib ki, ASKON-un yaradılması nəqliyyat və logistika sektorları arasında sinerjinin gücləndirilməsinə, iqtisadi səmərəliliyin artırılmasına və maliyyə dayanıqlılığının təmin olunmasına xidmət edir:
“Nəqliyyat sektorunda son illərdə həyata keçirilən dəyişikliklər təkcə fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır, həm də xidmət keyfiyyətinin yüksəldilməsi və davamlı iqtisadi artımın təmin olunmasına yönəlmişdir. Cənab Prezidentin sərəncamı ilə təsdiqlənmiş, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı növbəti beş il üçün yol xəritəmizi müəyyənləşdirir və rahat, təhlükəsiz, dayanıqlı və ən əsası insanmərkəzli şəhər infrastrukturuna keçidi hədəfləyir”.
Nəsimi Ələsgərli