!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlər Kabineti ilə Gömrük Komitəsinin SİNXRON “ORTAQLIĞI”: “Onlayn ticarətin sıradan çıxarılması...” - İqtisadçıdan TƏNQİD

!Reklam – Yazi

“Gömrük rüsumlarına edilən dəyişikliklər inhisarçıların dəstəklənməsinə təkan verib”.

Hazırda Azərbaycan ərazisində 26-dan çox xaricdən sifarişlə bağlama gətirən karqo şirkəti fəaliyyət göstərir. Bu şirkətlər müştərini həm bir neçə xarici ölkədə anbar ünvanı, həm də qısa müddət ərzində çatdırılma ilə təmin edə bilirlər.

Bununla belə, ölkəmizdə onlayn alış-verişə tələbatın yüksək olmasına baxmayaraq, artıq bir neçə aydır ki, Azərbaycanda “AliExpress” vasitəsilə alış-veriş edilmir. Bunun səbəbi “AliExpress” üzərindən edilən alış-verişdə karqo şirkətlərinin məhsulu Azərbaycana 7-15 gün ərzində 166 manata çatdırmalarıdır. Lakin nə qədər paradoksal olsa da, qonşu Gürcüstan və Ermənistan üçün sifariş olunan məhsulun çatdırılması karqo şirkətləri tərəfindən 24-39 gün ərzində 14 manata başa gəlir.

Cənubi Qafqaz ölkələrində karqo şirkətləri vasitəsilə məhsulun çatdırılma müddəti və bu xidmət üçün ödənişlərin məbləğində özünü göstərən fərq haqlı suallar doğurur.

Mövzu ilə bağlı iqtisadçı Vüsalə Əhmədova Yenicag.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti tərəfindən gömrük rüsumlarına edilən yeni dəyişikliklər bu sahədə işbazların aktivləşməsinə yol açmaqla yanaşı, onlayn ticarətə də ciddi zərbə vurub:

“Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə fiziki şəxslər tərəfindən istehsal və ya kommersiya məqsədi daşımayan malların gömrük sərhədindən keçirilməsinə güzəştlər və sadələşdirilmiş qaydalar tətbiq olunmuşdu. Məlum olduğu kimi, avqustun 21-də həmin güzəştli və sadələşdirilmiş qaydalara dəyişikliklər edildi.

Əvvəl vətəndaşlar xaricdən özləri ilə birlikdə rüsum ödəmədən 1500 ABŞ dolları dəyərində mal gətirə bilirdisə, yeni dəyişikliklərə əsasən, bu limit 800 ABŞ dollarına endirildi. Karqo qaydalarında da dəyişikliklərin həyata keçirilməsi ilə xaricdən elektron alış-veriş edənlər də yeni problemlərlə üzləşdilər.

Yəni əvvəl vətəndaş internet vasitəsilə rüsum ödəmədən 1000 dollar dəyərinədək məhsul sifariş edə bilirdisə, yeni dəyişikliklər əsasında bu limit bir ay ərzində 300 dollara endirildi. Qaydalarda edilən dəyişikliklər isə analoji malları rəsmi qaydada ölkəyə idxal edənlərin, yəni işbazların müflisləşməsi ilə əsaslandırıldı.

Vətəndaş xaricdən, əsasən, elektron avadanlıqlar, avtomobil ehtiyat hissələri, smartfonlar, kompyuterlər, geyim əşyaları və sair məhsullar sifariş edirlər. Bilirik ki, bu sahələr üzrə ölkədə istehsal yox dərəcəsindədir. Nazirlər Kabineti gömrük rüsumlarına edilən yeni dəyişiklikləri daxili bazarın qorunması ilə əsaslandırmağa çalışsa, reallıq tamamilə fərqlidir.

Bu qərarın müəlliflərindən soruşmaq lazımdır ki, ölkədə yerli istehsal olmadığı şəraitdə hansı daxili bazarın qorunmasından söhbət gedə bilər? Nə qədər acınacaqlı olsa da, Nazirlər Kabinetinin bəhs etdiyimiz addımı birbaşa inhisarçıların dəstəklənməsinə və büdcəyə əlavə vəsaitlərin cəlb olunmasına hesablanmış gediş idi. Bu məsələdə gömrük orqanlarının özəl maraqlardan irəli gələn təhrikçiliyini də vurğulamaq lazımdır. Nazirlər Kabineti ilə Gömrük Komitəsinin bu “işbirliyi” vətəndaşların xaricdən keyfiyyətli məhsul sifariş etmələrinə maneə yaratdığı kimi, onlayn ticarətə də ağır zərbə vurdu”.

Vüsalə Əhmədova qeyd edib ki, yürüdülən mövcud gömrük siyasəti çərçivəsində gömrük limitlərinin aşağı salınması və rüsumların artırılması dünyanın inkişaf etmiş ölkələri bir yana, hətta qonşu ölkələrlə müqayisədə çox əcaib görünür:

“Bütün dünyada hazırda elektron ticarət çılğınlığı yaşanır. İnsanlar ənənəvi alış-verişdən fərqli olaraq “online” alış-veriş zamanı brend məhsulları daha ucuz qiymətə almaq şansı əldə edirlər. Çatdırılma məbləği ilə bağlı fərqlər və o cümlədən, gecikmələr əsasən, poçt xidməti və gömrük sənədləşdirilməsi ilə əlaqədardır.

İlk öncə onu qeyd edim ki, Azərbaycana birbaşa çatdırılma xidməti olan elektron alış-veriş saytlarının sayı azdır. “Amazon”, “E-bay”, “Aliexpress” kimi dünyanın nəhəng elektron ticarət platformalarının Azərbaycana birbaşa çatdırılma xidməti yoxdur. Bəzi adda məhsullar isə üçüncü ölkələr vasitəsilə çatdırılır ki, bu da çatdırılma müddətinin uzanmasına və ödəniş məbləğinin artmasına səbəb olur.

Məsələn, alibaba.com və ya ebay.com saytlarından edilən sifarişlərin çatdırılma müddəti bir aydan çoxdur. Gömrük limitlərinin aşağı salınması, rüsumların isə yüksəldilməsi ölkəmizdə onsuz da, aşağı səviyyədə olan elektron ticarəti daha da durğunlaşdırır. Hazırkı elektron ticarət siyasətimizi uğurlu hesab etmirəm. Əvəzində, selektiv siyasət tətbiq edilsə, daha məqsədəuyğun olardı.

Xaricdən satın alınan malların statistikası aparılmalıdır. Vətəndaş hansı malları xaricdən alır və nə üçün xaricdən alır? Ölkədə istehsal edilməyən və ya istehsal ehtimalı belə olmayan mallar üçün fərqli gömrük strategiyası tətbiq edilə bilər. Gürcüstanı dəfələrlə misal göstərmişik. Gürcüstan bütün postsovet ölkələri arasında öz loyal vergi siyasəti ilə fərqlənən ölkədir. Vurğulamaq yerinə düşər ki, Gürcüstanda idxal vergisi üzən dərəcəyə tabedir. Qanunla müəyyən edilmiş hallarda bu vergi növü üzrə bir çox güzəştlər tətbiq edilir, hətda vergidən azad edilmə praktikası da mövcuddur. Maksimim idxal vergi dərəcəsi 12 faizdir ki, o da yalnız bəzi məhsul növlərinə şamil edilir”.

Gülşən Şərif

www.yenicag.az

1955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv