Azərbaycan Premyer Liqasının sonuncu turunda keçirilən “Neftçi” – “Qarabağ” matçı ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.
Yenicag.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Kamal Umudlu matçı öz iradəsi ilə idarə etməyib.
Matçın 9-cu dəqiqəsində “Qarabağ”ın qapısına təyin etdiyi penalti qərarı ilə yanlışlığa yol verən gənc hakim, oyunun 36-cı dəqiqəsində də diqqət mərkəzinə düşüb. O, növbəti dəfə “Qarabağ”ın qapısına penalti verib. Lakin bu zaman Kamal Umudlu tərəddüd edib.
Ötən il birinci divizionda hakimlik edən Umudlu topun Rahil Məmmədovun əlinə dəyməsindən sonra 7 saniyə gözləyib. Bu zaman matçın yan xətt hakimi də cərimə meydançasına tərəf qaçmayıb. Yəni, qərarı verməkdə Kamal Umudluya yan xətt hakimi köməklik etməyib.
Əldə etdiyimiz məlumata görə, bu məsələdə ona kənardan mikrafonla “dəstək” olunub, qərarla bağlı köməklik göstərilib. İddia olunur ki, bu şəxs vaxtı ilə rüşvət aldığı üçün hakimlikdən uzaqlaşdırılan, sonradan Hakimlər Komitəsinə cəlb olunan Anar Salmanovdur.
Hər halda qalmaqallı sabiq hakimlərlə “yeniləşən” Hakimlər Komitəsinin bu addımı da başadüşüləndi. Görünür, cavabdeh şəxslər hakimlərə kənardan yardım etməklə, işlərinin rəvan getdiyini sübut etməyə çalışırlar.
Emin Səfərov
www.yenicag.az