Neftçilər Günü qeyd olundu

“Azərikimya” İB-nin icraçı direktorunun müşaviri Firudin Mustafayev artıq beş ildir ki, boyük neftçilər ailəsi ilə birgə peşə bayramını qeyd edən kimyaçıları bu əlamətdar gün münasibətilə təbrik edib, respublikamızın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilməsində, iqtisadi inkişaf tempinə görə dünyada öncül bir mövqeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olduğunu dilə gətirib. Mütəmadi olaraq neft sənayesinin inkişafındakı müstəsna xidmətlərinə görə fəxri adların verilməsi, onların orden və medallarla təltif edilməsi dövlətimizin başçısının Azərbaycanın neft-kimya sənayesi işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü, onların əməyinə verilən ən yüksək dəyər kimi qiymətlənirib.
Tədbir boyu səhnədə quraşdırılmış monitorda “Azərikimya” İB-də qazanılmış texniki nailiyyətlər, əməkçilərin istehsalat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan sosial-mədəni həyatı bütün genişliyi və dolğunluğu ilə slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb.
“Azərikimya” İstehsalat Birliyinin bir qrup işçisinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəxri fərmanları və pul mükafatları təqdim olunub.
Azərbaycan neftçilərinin peşə bayramına həsr olunmuş silsilə tədbirlər “Azərikimya” İB-nin etilen-polietilen zavodunun qarşısındakı meydanda keçirilən bayram konserti ilə yekunlaşıb. (azertag.az)