Neftin qiyməti ilə bağlı bəd xəbər
Vüqar Bayramov: “Cari ildə neftin qiyməti mövcud şərtlər daxilində 60 dollar civarında olacaq”
Brend nefti cari ilin II rübünü ortalama 63 dollarla başa vurdu. III rüb üçün proqnozlarda qiymətin 65 dollar olacağı söylənilir. Amma III rübün başlanğıcından neftin qiymətində yenidən enmələr baş verir. Artıq bir barrel neftin qiyməti 56 dollaradır. Bu fonda görəsən, ilin sonuna qədər neftin qiyməti enəcək, yoxsa qalxacaq?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında neftin qiymətində artımların olacağını zənn etmədiyini bildirdi: “Neftin dünya bazarında qiyməti yalnız iqtisadi faktorlarla bağlı deyil. Eyni zamanda, siyasi faktorlar da burada rol oynayır. Praktik olaraq son zamanlar neftin dünya bazarındakı qiymətlərdə azalmalar bazarın tələbi və ya iqtisadi faktorlarla izah edilmir. Bu birbaşa olaraq siyasi faktorlarla, xüsusən də İranla Qərb arasında aparılan danışıqlar və Yunanıstanda baş verən defoltla bağlıdır. Baxmayaraq ki, dünya neft istehlakının çox cüzi hissəsini onun payına düşür. Amma siyasi faktor prosesə təsir edib. Həmçinin, ABŞ neftin qiymətinin aşağı düşməsində maraqlıdır. O baxımdan ABŞ bütün siyasi alətlərdən istifadə etməklə çalışır ki, bu qiymətlər aşağı enməkdə davam etsin. Cari ildə neftin dünya bazarındakı qiymətinin mövcud şərtlər daxilində orta hesabla 60 dollar civarında olacağını proqnozlaşdırmışıq. Reallıq ondan ibarətdir ki, baş verən son hadisələr fonunda neftin qiymətində artımların olacağı nəzərdə tutulmur. Son proseslər göstərir ki, bazardakı vəziyyət nikbin deyil. 60 dollarlıq qiymət bazarın səmərəlliyini təmin etmək üçün də vacibdir. Çünki, bəzi dövlətlər nefqin qiymətinin ucuz olmasında maraqlı olsa da. Qəbul edirlər ki, kəskin azalmalar bu sektora qoyulan investisiyaların kəskin azalmasına və neft təklifinin azalmasına gətirə bilər. Bu da dünya iqtisadiyyatında yeni bir böhrana səbəb olar”.
ELÇİN