Zəfər Vəliyev: “Cari ildə neftin qiymətinin yuxarı yüksəlməsi amili sıfıra bərabərdir”
Artıq yeni 2016-cı ildəyik. 2015-ci ildə Azərbaycan iki dəfə manatın devalvasiyasını yaşadı. Bütün bunlar da dünya miqyasında neftin qiymətinin aşağı düşməsilə bağlıdır. Hazırda London birjasında Brent markalı neftin bir barreli 37, Nyu-York birjasında WTİ markalı neftin qiyməti isə 36 dollar arasında var-gəl edir. Görəsən, bu il neftin qiyməti orta hesabla hansı səviyyədə qərar tutacaq?
Yenicag.az-a açıqlamasında ekspert Zəfər Vəliyev bildirdi ki, 2016-cı ildə də neftin qiymətinin qalxa biləcəyi ehtimalından danışmağa dəyməz: “İlin əvvəlindən neftin cari ildəki qiymətilə bağlı proqnoz vermək çətindir. Çünki hazırda neftin dünya bazarlarında tələb-təklif prinsipinin tarazlaşdırılması barədə fundamental fikir irəli sürmək çox çətindir. Hazırda dünya bazarında neftin kifayət qədər artıq fiziki həcmləri müşahidə olunmaqdadır. Bu fonda da neftin qiymətinin böhran həddindən, heç olmasa 50 dollardan yuxarı qalxma ehtimalı şübhəli görünür. OPEK daxilində və ondan xaric neft ölkələrində sutkalıq hasilat həcmlərinin azalması istiqamətində ciddi razılıqlar yoxdur. İkinci bir tərəfdən, ABŞ 1975-ci ildən üzü bəri neft ixracına qoyduğu qadağanı artıq aradan qaldırıb. Bu yaxınlarda Hyuston şəhərindən ABŞ-ın ilk neft tankerləri İtaliyaya daxil olmalıdır. Neftin qiymətini təhdid altına alan amillərdən biri də budur. İkinci bir tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) həyata keçirdiyi pul-kredit siyasəti nəticəsində 2016-cı ildə də dollar digər aparıcı dünya valyutalarına nisbətdə möhkəmlənməkdə davam edəcək. Digər tərəfdən, bazara yeni bir oyunçu daxil olur. Bu da İrandır. Belə olan halda Asiya və Avropa bazarlarında ciddi rəqabət müşahidə olunacaq. Yəni tələbatdan kifayət qədər artıq neft həcmləri olacaq. Asiya-Sakit Okean regionu, həm Afrikanın şərqində, həm Aralıq dənizi bölgəsində, həm də Misir, İsrail sahillərindəki kommersiya ehtiyat təyinatlı neft anbarlarında kifayət qədər neft var. Həm stasionar neft anbarları, həm də üzən gəmilərdə lazımı qədər neft ehtiyatları mövcuddur. Bu fonda cari ildə də neftin qiymətinin yuxarıya doğru yüksəlməsi amili sıfıra bərabərdir. Birjalarda neft opsionlarının sürətlə alınması prosesi gedir. Bunun da baş verməsinin bir səbəbi odur ki, yaxın dövrlərdə neftin qiyməti yüksək səviyyədə olmayacaq”.
ELÇİN
www.yenicag.az