"Tengiz"də hasilat kəsildi: Birjalar buna necə reaksiya verir? – RƏY
Dünya bazarına gündəlik qlobal tələbatın təxminən 2 faizini çıxaran Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) marşrutunda yaranan problemlər və Qazaxıstanın “Tengiz” yatağında hasilatın azaldılması diqqətləri dəniz daşımalarına və Avropanın yanacaq bazarına yönəldib. Bu axşamaların qlobal neft qiymətlərinə necə təsir göstərəcəyi isə əsas sual doğuran məqamlardandır.
Məsələ ilə bağlı saytımıza açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, “Tengiz” yatağında hasilatın azaldılmasının və CPC ilə bağlı xəbərlərin dünya neft qiymətlərinə təsiri minimaldır:

“Sözügedən proses neft qiymətlərinin artmasına ciddi təsir göstərməyəcək. Əksinə, hazırda birjada neftin qiymətində düşüş müşahidə olunur. Bunun əsas səbəbi ABŞ və İran arasında atəşkəsin təmin olunması və tərəflərin sülh danışıqlarına geri dönməsidir.
Hal-hazırda birjada qiymətlər kəskin dəyişir və təqribən 7 faizə yakın azalma var. Həm Amerikanın “WTI'”,həm də “Brent” markalı neftin qiyməti təxminən 6,7 – 7 faiz civarında ucuzlaşıb. Bu da göstərir ki, CPC ilə bağlı informasiyaların bazara ciddi bir təsiri yoxdur. Tengiz yatağında hasilatın kəsilməsinin dünya neft qiymətlərinə təsiri yox səviyyəsindədir. Qiymətlərə əsas təsir göstərən faktor Hürmüz boğazı ətrafında cərəyan edən proseslərdir.”
Ekspert həmçinin qeyd edib ki, qeyri-OPEC+ ölkələrinin hasilatı artırması bazarda balansı qoruyur:
“Hürmüz boğazındakı vəziyyətə baxmayaraq, ABŞ, Norveç, Braziliya və Kanada kimi qeyri-OPEC+ ölkələri neft hasilatını artırırlar. Eyni zamanda qlobal tələbatda da kəskin artım yoxdur, hətta Çin və Hindistanın bəzi məqamlarda daha az neft aldığı görünür. Bu səbəbdən Qazaxıstanda hasilatın azalması qlobal qiymətləri qaldırmayacaq. Qiymətlərin yenidən yüksəlməsi yalnız Hürmüz boğazında gərginliyin artacağı təqdirdə mümkündür.”
Məsimə Məmmədova













