“Həmin parkinq nəzarətçiləri sürücüləri hətta qadağan olunmuş ərazilərdə parklanmaya yönləndirirlər”.
Bu fikirləri qanunsuz fəaliyyət göstərən parklanma nəzarətçilərinə qarşı ciddi ölçü götürülməsinin vacibliyinə toxunan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bəzi hallarda ödənişsiz parklanma yerlərində də sürücülərdən pul tələb edilir:
“Bakı şəhərində Yerüstü Nəqliyyat Agentliyinin təşkil etmədiyi ərazilərdə, yaxud Nazirlər Kabinetinin qərarına əsasən, 4-cu zona olan və ödənişli parklanma yerləri sayılmayan yerlərdə də sürücülərdən qanunsuz pul yığılır.
Qanunvericiliyə görə, Azərbaycanın 3 şəhərində – Bakı, Sumqayıt və Gəncənin yol kənarında ödənişli parklanma yerləri mövcuddur. Baki şəhərində belə parklanmalara Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nəzarət edir.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, saat 22:00-dan 07:00-a qədər praklanma ödənişsizdir. Həmçinin bazar günləri də parklanmaya görə ödəniş tələb olunmur. Lakin qanunsuz fəaliyyət göstərən “parkinq müfəttişləri” o saatlarda belə sürücülərdən pul yığırlar.
Düşünürəm ki, bu məsələyə həm polis, həm də Yerüstü Nəqliyyat Agentliyinin tərəfindən ciddi nəzarət edilməlidir. Bir çox hallarda qanunsuz fəaliyyət göstərən parkinq nəzarətçiləri sürücüləri hətta qadağan olunmuş ərazilərdə parklanmaya yönləndirirlər.
Ona görə də, vətəndaşlar bu məsələdə maksimum diqqətli olmalı, qanunsuz ödəniş tələb edənlərə heç bir məbləğdə pul verməməlidirlər. Çox zaman qanunsuz parklanma nəzarəti üzrə fəaliyyət fərdi adamların şəxsi təşəbbüsü ilə deyil, müəyyən təşkilatlar vəsitəsilə həyata keçirilir. Bu isə qanunsuz sahibkarlıq fəaliyyətinin bir növü də sayıla bilər. Bu səbəbdən, vergi orqanları əməkdaşlarının da bu məsələyə diqqət yetirmələri vacibdir”.
Nuray Məmmədzadə
www.yenicag.az