Həmin gün Sabunçu vağzalı qaynayırdı. 1920-ci ilin isti avqust günündə vağzalda aləm bir-birinə qarışmışdı. Bürküdən nəfəs almaq mümkün olmadığı vaxtda adamlar bir-birini itələyərək irəli keçməyə cəhd göstərir, hər kəs yükünü vaqonun içərisinə keçirməyə çalışırdı. Peronda üzərində beşguşəli qırmızı ulduz olan şişpapaqlı əsgərlər o yan-bu yana qaçır, adamları o tərəf-bu tərəfə itələyərək guya nizam-intizam yaradırdılar. Elə bu vaxt nəzarətçilərin müşayiəti altında general forması geyinmiş iki qocanı xüsusi vaqonun yanına gətirdilər. Bu səhnəni görən sərnişinlərin üzərinə sanki soyuq su tökdülər. Həmin an öz dərdini unudan insanlar general geyimində olan qocaları bir-birinə göstərərək başlarını təəssüflə yırğaladılar. Nimdaş geyimin əsil-nəsilli olduğunu gizlədə bilmədiyi orta yaşlı kişi isə gördüyü mənzərədən kövrəlib bərabər addımladığı qadına dedi:
– Gövhər xanım, tanıdınız yəqin. Onlardan biri «artilleriyanın Allahı» sayılan Əliağa Şıxlinski, o birisi isə milli hökumətimizin hərb naziri Səməd bəy Mehmandarovdur. Görün nə günlərə qaldıq. Axı bu əbləhlər haradan bilsinlər ki, generallarla o cür rəftar edilməz. Məhbəsdə onlarla bir «barak»da saxlanırdıq. Bolşevik adı altında müsəlmanlara divan tutan ermənilər onların başına nə oyunlar açmadılar? Bizə nəzarət edən erməni Vartan hər gün generallara sataşar və bununla da öz alçaq şəxsiyyətini təsdiqləyərdi. Çox vaxt onlara verilən «cəzaları» biz həyata keçirərdik ki, generallar sıxıntı keçirməsinlər. Bir dəfə isə Vartan kiməsə əsəbiləşib acığını qocalardan çıxmaq qərarına gəlmişdi. Əslində, əsəbiləşmək də generalları cəzalandırmaq üçün bəhanə idi. Dustaqlardan birinə evdən göndərilən sovqatdan Vartana pay verilməmişdi deyə, o özündən çıxmışdı. Nə düşündüsə, dustaqların sıraya düzülməsi üçün göstəriş verdi. Sonra da özünü döyüşə hazırlaşan xoruz kimi dartıb cərgənin önündə var-gəl etməyə başladı. Qəfildən Əliağa Şıxlinskinin önündə ayaq saxladı və dedi:
– Əlahəzrət, keyfiniz necədir? Bu gün «naryad»ı siz alacaqsınız. Özü də təkcə yox, dostunuz Mehmandarovla! Əgər yaxşı işləsəniz, hətta mükafatlandırılacaqsınız da!
Sonra da əlindəki sədəfli qamçını generalın çənəsinə dirəyib onu yuxarı qaldırdı. Təhqirə dözə bilməyən Şıxlinski Vartanın üzünə tüpürdü. Bundan qızışan Vartan generalın saqqalından yapışıb, o yan-bu yana sürüməyə başladı. Sonra yerə yıxılan Şıxlinskini təpikləyərək digər dustaqlara dedi:
– Hamınıza dərs olsun! Mənə cavab qaytaran hər kəsin aqibəti bundan da betər olacaq.
Qanına qəltan elədiyi generalın «naryad»ı yerinə yetirməsi üçün isə Vartan çox qısa bir zaman qoydu. Cəzaların içərisində ən dəhşətlisini – zabitlərin ayaqyolunu təmizləməyi ona tapşırdı. Mehmandarov dostunu çətin anlarında tək buraxmadı. Qoluna girib ayağa qaldırdı. Onları «konvoy»un nəzarəti altında kameradan çıxarıb apardılar və bir də axşam gün batanda geri qaytardılar. Üst-başlarından gələn üfunətdən baş çatlayırdı. Demə, Vartan generallara ayaqyolunu təmizləmək üçün nə süpürgə, nə də əsgi parçası veribmiş. Buna etiraz edən Mehmandarova istehza ilə deyibmiş:
– Nədir, yoxsa könlünüzdən yenə padşahlıq keçir? Əski və süpürgə yoxdur!
Sonra da bic-bic gülüb generalların saqqalına işarə edərək sözünə davam edibmiş:
– Ah, süpürgə istəyirsiniz? Belə deyin! Ayaqyolunu təmizləmək üçün ən yaxşı süpürgəni Allah özü sizə bağışlayıb. Əcəb saqqalınız var, daha süpürgə nəyə gərək?
Çarəsi kəsilən generallar bir-birinin üzünə baxıb köks ötürdülər. Vartan onları ayaqyolunda buraxıb qapını arxadan bağlayıb. Mehmandarov ağrıdan zorla hərəkət edən dostunu sakitləşdirərək deyib:
– Ağlama, dostum, bir gün gələcək vartanlar yalnız sənə etdikləri vəhşiliklərə görə yada düşəcək. Sən isə hərb aləmində salnamə yazmış, öz dəst-xəttin olan general kimi anılacaqsan. Küçə süpürmədik? Ayaqyolu da təmizləyərik. Namusla görülən işdə qəbahət olmaz. Sən dincəl, indi köynəyimi çıxarıb onunla buraları təmizləyərəm…
Axşam kameraya dönəndə həbsdə olan ziyalılardan bir neçəsi Vartanın və onun kimilərin əməllərinə son qoymaq üçün yollar axtarmağa başladılar. Təsadüfən həbs olunmuş Mikayıl bəy Əlizamanlı həmin gün azad ediləcəkdi. Qərara alındı ki, yazılacaq məktubu o, Nəriman Nərimanova çatdırsın. Ümidlərimizdə yanılmadıq. Mikayıl bəy həbsxanadan çıxıb birbaşa Nərimanovun yanına getmiş və hal-qəziyyəni ona çatdırmışdı. Ertəsi gün Nərimanov şəxsən Bayıl həbsxanasına gəlmiş, generalların düşdüyü vəziyyəti görəndə gözləri dolmuşdu. Elə həmin dəqiqə həbsxana rəisini yanına çağırıb demişdi:
– Yoldaş Lenindən məktub gəlib. O xahiş edir ki, səhvən həbsə alınmış generalları sovet ordusunu qurmaq üçün Moskvaya göndərək. Bunları kim bu günə salıb?
Dili-dodağı əsən həbsxana rəisi deməyə söz tapmamış, rəisin yanında danışmağa qorxan dustaqlar isə günahkarın adını çəkə bilməmişdilər. Nərimanovun təkidli israrından sonra nəzarətçi Vartan həbsxana rəisi tərəfindən işdən azad edilmişdi. Elə oradaca generalların üst-başları dəyişdirilib təmiz paltarla əvəzlənmişdi. Nərimanovun sayəsində mənim kimi bir neçə dustaq da azadlığa çıxarılmışdı…
Indi yəqin, generalları Moskvaya göndərirlər. Başları çəkməyən müsibət qalmadı. Amma yenə də Vətəni tərk etmədilər…
Söhbətini bitirən kişi ilə qadın vaqona qalxıb pəncərənin yanında yerlərini rahatladılar. Elə bu vaxt peronboyu ayaqları dolaşa-dolaşa irəliləyən yaşlı və kübar qadını gördülər. O, vaqonların pəncərəsinə baxa-baxa gözləri ilə kimisə axtarırdı. Həyəcandan dodaqları əsirdi. Hərənin başı özünə qarışdığından kimsə ona əhəmiyyət vermir, o isə keçənlərin təkanına məruz qaldığından tez-tez səndələyirdi. Nəhayət, axtardığını tapdı. Sevincək vaqonun pəncərəsini döyəcləməyə başladı. Pəncərənin arxasında, nəzarətçilərin əhatəsində əyləşən generalların baxışları çox uzaqlara, məchul bir nöqtəyə zillənmişdi. Onlar qadını görmürdülər. Nəzarətçilərdən biri bu qəribə qocalara mərhəmət göstərib səsləndi:
– Deyəsən, sizinlədirlər…
Qocaların hər ikisi sanki yuxudan ayılıbmış kimi eyni vaxtda diksindi. Pəncərədən çölə baxıb haray çəkən qadının səsinə səs verdi. Şıxlinski vəfalı ömür-gün yoldaşının iki addımlığında olmasından həyəcanlandı və çevrilib nəzarətçilərdən icazə istədi:
– Həyat yoldaşımdır, izn versəniz görüşərdik…
Təsdiq cavabı aldıqdan sonra tələsik vaqondan aşağı endi. Nigar xanım göz yaşları içərisində özünü Əliağanın üstünə atdı. Əlindəki bağlamanı tələsik ərinin qoltuğuna basdı. Nəzarətçilər onlara yaxınlaşmasalar da, kənardan bu qəribə cütlüyü nəzərləri ilə müşayiət edirdilər. Onlar elə sakit danışırdılar ki, lap yaxınlıqda dayananlar belə söhbətin nədən getdiyini anlamazdı. Nigar xanım Azərbaycan və rus dillərində danışmaqdan ehtiyat edib həyat yoldaşı ilə fransızca söhbət edirdi:
– Əliağa, bunlar səni hara aparır, əzizim? Elə bil dustaq aparırlar. Çox narahatam. Əgər sizinlə işləri yoxdursa, onda bu qədər nəzarətçi nəyə gərəkdir? Birdən sizi güllələyərlər? Bu nə iş idi başımıza gəldi? Səmədbəyin əhvalı necədir? Əminsən ki daha sizinlə işləri olmayacaq?
Ömür-gün yoldaşının narahatlığından bir az da kövrəlmiş Şıxlinski ona təskinlik verməyə başladı:
– Narahat olma! Nəriman Nərimanov özü işə qarışıb. Əslində, bizim həbsxanadan azad edilməyimizin səbəbkarı da odur. Yoxsa qazamatda başımıza gəlməyən işgəncə qalmazdı. O, həbsdən çıxmağımız üçün risqə getdi və guya bolşeviklərin başçısı Leninin bizimlə bağlı məktub göndərdiyini bildirdi. Əslində, bizim haqqımızda məktubu Leninə o özü yazmışdı. Nərimanovla hərtərəfli söhbət etdik. O dedi ki, indiki vaxtda biz Bakıda qala bilmərik. Çünki inqilab adından danışanların əksəriyyəti özü inqilabın nə olduğunu bilmir. Bir müddət Moskvada işləyib-yaşayacağıq. Çatanda sənə məktub yazacam. Işlərimiz qaydasına düşən kimi də yanıma gələrsən…
Qatarın yola düşməsi haqqında xəbərdarlıq fiti verildi. Nəzarətçilər Şıxlinskini tələsdirdi:
– Vidalaşın, yola düşürük!
Nigar xanım həyat yoldaşını bərk-bərk qucaqladı. Az sonra vaqona qalxan general yerindən tərpənən qatarın pəncərəsindən çölə baxdı, perrondakı adamların içərisində itib-batan həyat yoldaşını gözləriylə axtarmağa başladı. Bir azdan qatar Azərbaycan sərhədlərini geridə buraxdı. Nəzarətçilər generallara yemək yeməyi təklif edəndə Əliağa Nigar xanımın bağlamasını xatırladı:
– Yoldaşlar, xanımım bizə azuqə qoyub. Gəlin birlikdə nuş edək…
Bükülmüş bağlamanın içərisindən təndir çörəyi, pendir, soyutma yumurta, kartof, baş soğan, sarımsaq, həmçinin dəyişəklərlə yanaşı, generalın bir zamanlar istifadə etdiyi ülgüc, bığ qayçısı, sabun və yarımçıq odekolon şüşəsi çıxdı. Hamı Şıxlinskinin açdığı süfrənin başına yığışdı.
Beşgünlük səfərdən sonra qatar Moskva vağzalına yetişdi. Burada yavaş-yavaş ləngər vurub dayandı. Nəzarətçilər generallarla birlikdə Kremlə doğru üz tutdular. Nəzarətçilərin başçısı Leninin köməkçisinə yaxınlaşıb ona Nərimanovun göndərdiyi məktubu və qovluqları uzatdı:
– Bizim vəzifəmiz onları bura qədər sağ-salamat gətirmək idi. Icazə versərniz, geri qayıdardıq.
Nərimanovun adını eşidən köməkçi qara telefonun dəstəyini qaldırdı:
– Vladimir Iliç, yoldaş Nərimanovun Bakıdan sizin yanınıza göndərdiyi iki şəxs və bir də məktub buradadır.
Leninin sözlərini otaqda əyləşənlər də eşitdi:
– Məktub və qovluqlar sizdə qalsın, qonaqları isə mehmanxanada yerləşdirin, qoy dincəlsinlər. Lazım bildiyim vaxt yanıma çağırarsınız!
– Oldu, Vladimir Iliç! – köməkçi dəstəyi yerinə qoydu və dərhal o biri telefonun dəstəyini qaldırıb telefonçudan onu Sergey Ivanoviçlə birləşdirməsini xahiş etdi. Az sonra Sergey Ivanoviçə dedi:
– Seryoya, iki nəfər mötəbər qonağımız var – Bakıdan gəliblər. Şəxsən Vladimir Iliçin tapşırığıdır. Qonaqlar yerləşdirilməli və rahatlıqları təmin edilməlidir.
Telefon söhbətindən sonra köməkçi üzünü qonaqlara tutdu:
– Yoldaşlar, bir neçə dəqiqədən sonra sizi mehmanxanaya aparacaqlar. Bundan sonra sizi narahat edən bütün məsələlərlə bağlı Sergey Ivanoviçlə əlaqə saxlayarsınız.
Az sonra əynində qara meşin pencək və başında papaq olan ortayaşlı bir kişi otağa daxil oldu. Hamının «Seryoya» deyə çağırdığı bu sarışın, gülərüzlü adam generallarla salamlaşıb dedi:
– Mənimlə gedəcəksiniz, zəhmət olmasa, yığışın.
Onların əyləşdiyi qara üstüaçıq avtomobil böyük bir binanın qarşısında dayandı. Generallar mehmanxanada yerləşib Leninin onları nə vaxt qəbul edəcəyi günü gözləməyə başladılar.
Elə həmin gün köməkçi «Pravda» qəzetinin növbəti sayını Leninə təqdim etdi. O isə sanki nəyisə xatırlayıbmış kimi dedi:
– Nərimanovun göndərdiyi məktubu və qovluqları da gətirin.
Köməkçi ağzısurğuclu məktubu və qovluqları Leninin iş masasının üzərinə qoydu. Lenin əvvəlcə «Pravda»ya nəzər salmaq istədi, lakin nə düşündüsə, məktubun ağzını açıb oxumağa başladı. Nərimanov yazırdı: «…Mən generalları Baş Qərargahda işləmək üçün sizin yanınıza göndərirəm. Ümid edirəm ki, sovet ordusunun qurulmasında onların böyük rolu olacaq. Həmçinin, həmin şəxslərin tərcümeyi-hallarını və keçdikləri namuslu zabit yolunu da tanış olmanız üçün əlavə edirəm. Hörmətlə, sizin N.Nərimanov». Lenin Nərimanovun yazdığı xəbərdən ruhlandı. Çünki həmin vaxt general Vrangel savadlı ordu generallarını öz tərəfinə çəkə bilmişdi. Lenin ilk olaraq hansı qovluğa əl uzatmaqda tərəddüd etdi. Lakin Nərimanovun Şıxlinskinin «artilleriyanın Allahı» olmasını vurğulaması onda bu şəxsə olan marağı gücləndirmişdi. Lenin kəmşirin çaydan xırda qurtumlar alaraq Şıxlinskinin şəxsi işini oxumağa başladı:
«Əliağa Şıxlinski 23 aprel 1863-cü ildə keçmiş Qazax qəzasının Qazaxlı kəndində dünyaya göz açmışdır. Şıxlinski nəslinin bütün nümayəndələri içərisində Avropa təhsili görmüş yeganə şəxsdir. Atası Əliqazax kişi qoçaqlığı ilə böyük ad-san qazanmış, orta savadlı, az torpaq sahəsinə malik olan bir kəndli idi. Əliağa ömrü boyu təhsilini müstəqil halda artırmağa və təkmilləşdirməyə çalışmışdı. Tiflisdə gimnaziyaya girdiyi ilk gündən elmləri mənimsəyərək ikiillik kursları 7 aya başa vuran yeganə şagird olmuşdu. 1876-cı ildə daxil olduğu kadet korpusunu 1883-cü ildə bitirincəyədək birinciliyi əldən verməmişdi. Peterburqda Mixaylov adına topçuluq məktəbində dərslərində göstərdiyi müvəffəqiyyətlərə görə ilk üç şagirddən biri olmuşdu. Bu məktəbdə Şıxlinski o zamanın məşhur professorları – mexanik Kirpiçov, kimyaçı Fyodorov, fizik Usovun şagirdi olmuşdur. Şıxlinski topçuluq sahəsindəki təhsilini daha da mükəmməlləşdirmək üçün ehtimal nəzəriyyəsinin topçuluqda tətbiqi kursunu məşhur professor Zabudskinin qeydləri üzrə müstəqil olaraq öyrənmişdi. O öz təhsilinin səviyyəsini artırmaq məqsədi ilə Baş Qərargah və Hərbi Mühəndislik akademiyalarında professor Kuropatkin və Kyuinin «Rus-Osmanlı müharibəsində general Skobelevin dəstələri», «Rus topçuluğunda 6 düymə səhra toplarının tətbiqi», «Qala qarnizonunun miqdarı» və digər mühazirələri dinləmişdir. Ə.Şıxlinski Topçuluq Məktəbini 1886-cı ildə mükafatla bitirərək o zaman Qafqazda olan 39-cu topçu briqadasına podporuçik rütbəsi ilə xidmətə təyin edilmişdi. Port-Arturun müdafiəçisi kimi Şıxlinskinin qəhrəmanlığı Vətəninin şərəf və azadlığını müdafiə edən hər bir şəxs üçün nümunədir.
Ə. Şıxlinski döyüşlərdə dəfələrlə yaralansa da, əsgəri vəzifəsinə sonadək sadiq qalıb. Yalnız onu əvəz etməyə gələn podporuçik Mixaylova hansı topun hansı tərəfə atəş açması, hər top üçün süni hədəf nöqtəsinin harada olması, bucaqölçənin vəziyyətinə dair göstərişlər verdikdən sonra mövqeyini tərk etmişdi. Yaponların yağıştək yağan mərmilərindən, əsgərlərin böyük tələfat verməsindən və patron azlığından ordu içərisində yaranan ruh düşkünlüyünü aradan qaldırmaq üçün Şıxlinski zabitlərə ürək-dirək verir, düşmən atəşi altında toplara baş çəkir, sıravilərlə zarafat edirdi. Şıxlinskiyə Vətənə qayıtmaq icazəsi verilsə də, yaponlarla sonadək döyüşmək istədiyini bildirir və Mancuriya ordusuna təyinat alır. Rus-yapon müharibəsi bitdikdən sonra Ə.Şıxlinski topçu zabitlərin atəş məktəbi kursuna göndərilir. Burada xəstələnib iki ay dərslərindən kənarda qalmasına baxmayaraq, məktəbi əla qiymətlərlə bitirir və müvəffəqiyyətlərinə görə çarın iltifatına nail olub «Qızıl qılınc» mükafatına layiq görülür. Hərtərəfli hərbi biliyə malik təcrübəli döyüşçü Şıxlinski Topçu Zabitləri Məktəbinə illər uzunu rəhbərlik edir. Üç il məktəbin rəis müavini vəzifəsində çalışır. Halbuki bu vəzifəyə yalnız Topçu Akademiyasını bitirmiş və bir ildən az olmayaraq batareya komandiri olmuş qərargah zabitləri – podpolkovnik və polkovniklər təyin edilirdilər.
Şıxlinski məktəbdə ali topçuluq təhsili görmüş bütün rəhbərlər arasında ən görkəmlisi idi. Müstəsna dərəcəli bir topçu olduğu üçün polkovnik rütbəsi aldıqdan 4 il sonra – 1912-ci ildə general-mayor rütbəsini qazanmışdı. Bu amil mövcud qaydalardan kənara çıxırdı. Məlum qaydaya görə, polkovnik rütbəsində qalmaq müddəti 10 ildir. Yalnız müstəsna hallarda – görkəmli polkovniklərə 6-8 ildən sonra general rütbəsi verilərdi. Ə.Şıxlinski bu halda da istisna təşkil edirdi.
Dünya Müharibəsinin lap əvvəllərində – 1914-cü ilin avqustunda Şıxlinski Petroqradın topçu müdafiəsinin rəisi təyin edildi. O, Sveaborq qalasının qurudan müdafiə xəttini təyin etmək üçün Finlandiyaya göndərildi. 1915-ci ilin yanvarında ağır topların şəxsi heyətinin döyüş hazırlığına rəhbərlik edib döyüşən orduların topçuluq işlərində məsul vəzifələrdə çalışdı. O zaman baş komandan II Nikolay özü idi. 1917-ci ilin sentyabrında Şıxlinski 10-cu ordunun komandanı təyin edildi. O, topçuların və təyyarəçilərin qarşılıqlı əməliyyat təlimi məktəbinin təşkilində, 1916-ci ildə Kredo yaxınlığında alman mövqelərinin yarılması əməliyyatında, Qərb cəbhəsinin, 10-cu Ordu cəbhəsinin 1917-ci il əməliyyatlarının hazırlanmasında bilavasitə iştirak etdi. «Müqəddəs Anna» 1-4, «Müqəddəs Stanislav» 1-3, «Müqəddəs Vladimir» 2-4, «Müqəddəs Georgi» 4 dərəcəli ordenləri və Fransanın yüksək hərbi ordenləri ilə təltif edildi. Ailəlidir. Övladı yoxdur. Həyat yoldaşı Nigar Şıxlinskaya 1878-ci il martın 21-də Tiflis şəhərində dünyaya gəlib. Azərbaycan maarifpərvəri Hüseyn Əfənldi Qayıbovun qızıdır. 1889-cu ildə Tiflisdə Qızlar Institutunu qızıl medalla bitirən Nigar xanım ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb və fars dillərini mükəmməl bilir. Azərbaycanın ilk şəfqət bacısıdır. Birinci Dünya Müharibəsinin iştirakçısıdır. General Əliağa Şıxlinskiylə ailə qurmuş, 1914-18-ci illərdə zabit arvadlarının yaratdığı Qırmızı Xaç Hərbi Xəstəxanaya Başçılıq Edən Komitənin sədri seçilmiş, yüzlərlə yaralının müalicə edilməsində iştirak etmişdir. Onun I Dünya Müharibəsi əleyhinə 1914-cü il 1 avqust tarixində «Russkiy Invalid» qəzetində qadınlara müraciəti dərc edilmişdir».
Şıxlinskinin şəxsi işi ilə tanış olan Lenin köməkçisinə tapşırıq verdi:
– Bakıdan gələn qonaqları dərhal yanıma çağırın.
Daha sonra Leninin şəxsi göstərişi ilə general Əliağa Şıxlinski Moskvada Hərbi Inqilab Sovetinin səhra qərargahında, Qızıl Ordunun artilleriya müfəttişliyi idarəsində, artilleriya nizamnaməsi hazırlayan komissiyanın heyətinə işə qəbul edildi. Bir həftə sonra isə Şıxlinski sevgili həyat yoldaşına məktub yazıb onu yanına çağırdı.
1921-ci ilin yayında Şıxlinski yenidən Azərbaycan sovet qoşunları qərargahına göndərildi. Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini, Qafqaz Ordusu Inqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri, 1924-cü ildə isə birləşmiş hərbi komanda heyəti məktəbinə rəis müavini təyin edildi. 1926-cı ildə onun rusca-azərbaycanca qısa hərbi lüğəti nəşr edildi. Həmin lüğətə görə Şıxlinski 1928-ci ildə SSRI Hərbi Inqilab Şurasının fəxri fərmanıyla mükafatlandırıldı. 1929-cu ildə general səhhəti ilə bağlı istefaya çıxdı.
1931-ci ildə həyat yoldaşı Nigar xanım ağır xəstəliyə düçar oldu. Şıxlinski bir dəqiqə də olsun onu tək buraxmırdı. Lakin Nigar xanımın vəziyyəti günü-gündən pisləşirdi. Son günlərini yaşadığını hiss edən Nigar xanım birdən nə düşündüsə həyat yoldaşının əlindən tutdu:
– Əzizim, görünür, bu fani dünyada səni tək qoymalı olacağam. Ölüm haqdır, ondan bir qətrə də qorxmuram. Lakin məni narahat edən səni övladsız qoymağımdır. Amma yox, gün gələcək Şıxlinski soyadı ilə qürur duyan insanlar özlərini bizim nəvə-nəticəmiz adlandıracaqlar. Yeganə təsəllim, bax, budur. Məni dəbdəbə ilə dəfn etmə, məzarımı da sadə düzəltdir. Ehsan verməyə də gərək yoxdur…
Az sonra Nigar xanım 43 il birgə yaşadığı sədaqətli həyat yoldaşıyla vidalaşıb əbədi olaraq gözlərini yumdu. 1931-ci il avqustun 15-də Nigar xanımı Əliağa Şıxlinski, Qayıbovlar nəslinin nümayəndəsi Bahadur bəy və onun həyat yoldaşı son mənzilinə yola saldılar. Əziz yoldaşının vəfatından sonra 66 yaşlı general qəm-qüssədən bir neçə dəfə yatağa düşdü. Dərdinə üstün gəlmək üçün boş vaxtlarında bədii yaradıcılıqla məşğul olub, hərbi-publisistik məqalələr yazır, Səməd Vurğunun və Osman Sarıvəllinin şerlərini rus dilinə çevirirdi. Ölümündən bir il əvvəl filosof Heydər Hüseynovun təkidi ilə «Xatirələrim»i qələmə alsa da, kitabı işıq üzü görənədək ömrü ona vəfa etmədi. 1943-cü ilin 18 avqustunda Bakıda dünyasını dəyişən Əliağa Şıxlinskini ömür-gün yoldaşı Nigar xanımın yanında dəfn etdilər.
Necə dəfn edilməsi ilə bağlı Əliağa Şıxlinskinin yazdığı vəsiyyətnamələr uzun illər Dövlət Arxivində ağzı açılmadan qorunub bugünümüzədək saxlanılır…