!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Nəsimi 650: Haqqın carçısı" adlı Beynəlxalq elmi konfrans keçirildi – FOTOLAR

!Reklam – Yazi

Bu gün “Nəsimi 650: Haqqın carçısı” adlı Beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində keçirilən konfransda QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Yazıçılar Birliyinin sədri Anar, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkilləri, yerli və müxtəlif ölkələrdən gəlmiş din və elm xadimləri iştirak ediblər.

Konfransda çıxış edən Şeyxülislam Hacı Allahşükür Paşazadə Nəsimi şəhadətinin səbəblərindən biri kimi təriqətlər arasındakı anlaşmazlıqları önə çəkib:

“Bu gün bizim üçün şərəfdir. Hər bir qövmün qürur hiss etdiyi vaxt olur. Bu gün Azərbaycan rəhbərliyinin qəbul etdiyi qərarlarla biz qürur hissi keçiririk. 2019-cu ilin “Nəsimi ili” elan edilməsi dövlət rəhbərliyi tərəfindən ədəbiyyata verilən dəyərin göstəricisi idi.

Nəsiminin şəhid olmasının səbəblərindən biri də təriqətlər arasındakı anlaşmazlıq olub. Nəsimi haqqında sovet dövründə yazılan kitablarda onu “Allahsız” kimi göstərməyə cəhdlər var idi. Ancaq bu, Nəsimini düşünməməkdən, bilməməkdən irəli gəlirdi”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Nəsiminin qətiyyən İslam dininə qarşı olmadığını iştirakçıların diqqətinə çatdırıb:

“Burada Nəsimişünaslıq üzrə həm xaricdən, həm Azərbaycandan dəyərli mütəxəssislər iştirak edirlər. Biz Nəsiminin yaşadığı dövrü indiki baxışımızla görə bilmərik. O dövr çox mürəkkəb bir dövr idi. Fatehlərin İslam dinindən yararlandıqlarını da görürük. Nəsimi heç vaxt İslam dininə qarşı çıxmamışdı”.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev 2019-cu ilin mədəniyyət bayramı olduğunu bildirib:

“2019-cu ili şeir, mədəniyyət, incəsənət bayramı adlandırmaq olar. O bayram bu gün də davam edir. Nəsimi özünün istiqamətverici yaradıcılığı ilə seçilir. Nəsimi Azərbaycan dilini tanıtdı və yüksəklərə qaldırdı”.

Yazıçılar Birliyinin sədri, yazıçı Anar Nəsimiyə verilən dəyərdən söz açaraq, onun 600 illik yubileyinin Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində yüksək səviyyədə keçirildiyini xatırladıb:

“Sovet dövründə də Nəsimi unudulmurdu. Ulu öndərin rəhbərliyi ilə Nəsiminin 600 illik yubileyi keçirilmişdi, kitablar çap edilmişdi. O dövrdə Nəsimini dinsiz elan edirdilər, amma bu, düzgün deyildi. Nəsimi yaradıcılığındakı insanlığın təbliği onu dünyanın humanist şairləri ilə bir səviyyəyə çıxarır”.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli isə çıxışında Nəsiminin bu günədək yayımlanmayan şeirlərinin çapa hazırlandığını qeyd edib:

“Bu il Nəsimi haqqında 19 kitab nəşr edilib. İlin sonuna hələ var və bizim Nəsimiyə həsr olunmuş bir neçə kitabımız çap prosesindədir.

Bu il həm də Nəsiminin bu günədək yayımlanmamış 200-ə qədər şeiri Əlyazmalar İnstitutu tərəfindən toplanıb və çapa hazırlanır”.

Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.

Aqil Bəkir
Cavid Qaçayev

www.yenicag.az

1527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv