Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin «20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanmış və faciənin ildönümü geniş şəkildə qeyd olunur. Tədbirlər planına uyğun olaraq rayonun ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarında anım tədbirləri təşkil olunur. Orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar foto stendlər düzəldilmiş, anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılır. Rayonun idarə və təşkilatlarının kollektivlərinin, orta və ali təhsil müəssisələrinin şagird və tələbələrinin «Şəhidlər Xiyabanı»na ziyarəti təşkil olunur.
Rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə 18 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etmişdir ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir.
20 Yanvar günlərini xatırlayaraq Asif Əsgərov bildirdi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Tədbirdə bildirildi ki, bu gün faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı xüsusi qeyd edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmış, bir sıra sualların həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Görüşdə 20 Yanvar Nəsimi rayon təşkilatının sədri, II qrup əlil Tofiq Allahverdiyev, 20 yanvar şəhidi Abbas Qasımovun anası Zöhrə Abdalova və digərləri çıxış edərək şəhid ailələri və əlillər adından onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə yardımlar göstərilmişdir.
www.yenicag.az