Netanyahudan Bakı və Ankaraya XƏYANƏT: "İsrail siyasi CIRTDAN olduğunu sübut etdi"
“Bu qərarla İsrail siyasi cırtdan olduğunu qəbul etmiş oldu”
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu bildirib.

Şərhçi qondarma “erməni soyqırımı”nı təkzib edərək belə bir hadisənin baş vermədiyini bildirib:
“Belə bir qərarın qəbul olunması heç bir halda qəbul edilməzdir və olduqca absurd qərardır. Ona görə ki, baxmayaraq ki, Türkiyə dəfələrlə həmin hadisələrin araşdırılması üçün Ermənistan, erməni lobbisi və dünya ictimaiyyətindən formalaşmış müstəqil tarixçilərdən ibarət araşdırma komissiyasının qurulmasını təklif etsə də, Ermənistan bunu qəbul etməyib. Əslində bu inkar faktı bir daha sübut edir ki, heç şübhəsiz, tarixdə “erməni soyqırımı” adlı hər hansı hadisə baş verməyib. Zamanında erməni quldur dəstələri Anadolu ərazisində, eyni zamanda, Azərbaycan ərazisində türklərə qarşı soyqırımı törətmişdir. Digər bölgədə yaşayan xalqlara, eləcə də ərəblərə qarşı belə etnik təmizləmə ermənilər tərəfindən icra edilmişdir.”
R. Hafizoğlu İsrailin qondarma soyqırımı qəbul etməsinin olduqca absurd olduğunu vurğulayıb:
“Netanyahunun bu qərarı absurddur. Ona görə ki, Qəzzada baş verənlərə qarşı Azərbaycan daxil, bütün dünya ictimaiyyəti etiraz etdi. Burada söhbət 150.000 insanın ölümündən gedir. Bütün bu hadisələrin fonunda Netanyahu hakimiyyətinin belə bir qərar verməsi olduqca gülməli və absurddur. Azərbaycan XİN-in də bu məsələyə aid konkret açıqlaması var. Netanyahunun bu sərsəm bəyanatı heç bir halda Azərbaycandakı yəhudi icmasına təsir göstərməyəcək, amma dövlətlərarası çox ciddi problemlərə yol aça bilər. Düşünürəm ki, İsrail bu addımından geri çəkilməyəcək. İsrailin Azərbaycanın artan Yaxın Şərq siyasəti fonunda ölkəmizdən siyasi olaraq uzaqlaşmasının şahidi olmaqdayıq. Azərbaycanın Yaxın Şərq və Suriya siyasəti İsraili olduqca bərk narahat edir. İndi də bunu dolayı yolla dilə gətirirlər. İsrailin bu yanaşması çox gülünc və axmaq yanaşmadır.”
Sonda şərhçi türklərə qarşı atılan bu böhtanın təkcə Türkiyənin deyil, eləcə də Azərbaycanın problemi olduğunu diqqətə çatdırıb:
“Kim deyirsə ki, bu, Azərbaycanın deyil, Türkiyənin problemidir, bu, çox təhlükəli düşüncədir. Azərbaycan-Türkiyə münasibətlərindən günlərlə danışa bilərik, onların iqtisadi, siyasi, tarixi bağları bir-birindən heç bir halda uzaq deyil. Azərbaycan heç bir halda Türkiyə ilə qurduğu münasibətdən imtina etməyəcək. Bu baxımdan bu qərarda uduzan tərəf şübhəsiz ki, İsrail olacaq. İsrail bu qərarı qəbul etməklə siyasi cırtdan olduğunu sübut etdi.”
Nurlan Cəfəri













