Netanyahunun "süni intellekt" planı iflas etdi: "İran barışığa getməyəcək"
“İsrail şəhərləri Qəzza bölgəsini xatırladır”
Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Politoloq İranın növbəti mərhələdə nüvənin zənginləşdirilməsi haqqında hansı qərarları verməli olduğunu şərh edib:
“İnanmıram ki, İran tərəfi yumşaltmaya doğru getsin. Hazırda ‘fakenews’ kanalları gecə-gündüz İsraildən xəbərlər yayırlar ki, guya İranda artıq fərarilik başlayıb, insanlar nümayişlərə çıxırlar falan. Bunlar hamısı ağ yalandır. ABŞ rəhbərliyi altında İrana olan təcavüz öz arxasınca böyük bir yalan, iftira və uydurmalar dalğası gətirir. Bu uydurmalar hücumlardan da öndə gedir. Hazırda Amerika və İsrail elə bir şərait yaradırlar ki, İran birmənalı olaraq nüvə silahının hazırlanmasına doğru istiqamət götürsün. Eləcə də, terror aktları nəticəsində İranın ali dini rəhbərinin, vəzifəli şəxslərinin, alimlərinin fiziki cəhətdən aradan götürülməsi çox riskli bir gedişdir.”
Politoloq qeyd edib ki, əgər İran hökumət sistemində kadr çatışmazlığını aradan qaldırmaq üçün öncədən planlamalar qurubsa, hakimiyyəti devirmək məqsədilə vəzifəli şəxslərin öldürülməsi kifayət etməyəcək:
“Əgər vaxtında İran sistemi elə qurulubsa ki, kadr qıtlığı yoxdur və hər bir aradan götürülən və ya şəhid olan şəxsin yerinə dərhal naibi təyin olunursa, deməli, sistem duruş gətirir. Vəziyyət onu göstərir ki, İran xalqı bu dağıntılardan, bombardmanlardan çəkinmir, əksinə, raket potensialının 60%-dən çoxunu etibarlı yerdə qoruyub saxlayır. Mən elə başa düşürəm ki, İran tərəfi heç bir xahiş etməyəcək və öz şərtlərindən də geri çəkilməyəcək. Bundan sonra isə görünən odur ki, İsrailin günü qara olacaq. İsrail küçələri hər gün demək olar ki, həm gündüz, həm də gecə İran raketləri ilə darmadağın olur. Deyilənə görə, artıq İsrail şəhərləri Qəzza bölgəsini xatırladır.
Burada isə son sözü ABŞ deməlidir. Bu kampaniyanın ilhamverici qüvvəsi Netanyahudur və görünür ki, o, öz komandasından da bədgümandır. Onun bəzi komandirləri artıq istefa verməyə tələsirlər. Digər tərəfdən, onun böyük ümidləri süni intellektdən idi ki, bu zəmində də problemlər mövcuddur. Hazırda proseslərdə həddindən artıq ikibaşlılıq və gərginlik davam edir. Mən deyərdim ki, artıq Trampın özü üçün də bu müharibə problem yaradıb. Daxildə narazılıqlar var. İrana qaldıqda isə, onları qane etməyən şərtlər olsa, Tehran barışığa getməyəcək.”
Nurlan Cəfəri













