Bakıdan Brüsselə səfər etməzdən əvvəl bir neçə dəfə toplaşıb görəcəyimiz işləri, keçirəcəyimiz görüşləri müzakirə etdik. “Azərsun Holdinq”in dəstəyi ilə reallaşan səfərimizdə Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın “Anderlext” klubu ilə oyununu izləmək isə sadəcə planlarımızdan biri idi.
Brüsseldə – Azərbaycanın Belçikadakı səfirliyində və NATO-dakı nümayəndəliyində maraqlı görüşlərimiz oldu. Hətta NATO-dakı nümayəndəliyimizin bu qurumun 3 tanınmış eksperti ilə görüşümüzü təşkil etməsi bizim üçün sürpriz idi. NATO-nun Enerji bölməsinin rəhbəri Maykl Ruehle, NATO-nun Planlaşdırma və Analiz Prosesi (PARP) Ermənistan və Azərbaycan üzrə ölkə meneceri Paul de Qeyer d`Ors, Siyasi məsələlər və təhlükəsizlik siyasəti bölməsinin əməkdaşı Pavel Anastasovla görüşdə bizi maraqlandıran mühüm suallara cavab ala bildik. Hər üç NATO rəsmisi ilə geniş müsahibələri bu günlərdə ictimailəşdirməyə çalışacağıq. Bu işdə bizə yardımçı olan Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyev və NATO-dakı nümayəndəmiz Xəzər İbrahimə bir daha təşəkkür edirik. H.Hacıyev səfər çərçivəsində bütün bu və ya digər görüşlərin təşkilində bilavasitə iştirak etdi və hər bir mərhələdə bizim sorğularımızı müsbət cavablandırdı.
Əlbəttə, bu bizləri – Bakıdan Brüsselə səfər edən 8 media orqanı təmsilçilərini daha çox sevindirirdi. Amma bizlər təkcə bu görüşlərlə kifayətlənmək niyyətində deyildik.
Düşünürdük ki, bu ölkədə yaşayan azərbaycanlılar və soydaşlarımızı öz çətiri altında birləşdirən (?!) diaspor rəhbərliyi ilə də görüşüb hal-əhval tutaq, onun lobbiçiliyi ilə həm Brüsseldə, həm də Amsterdamda bəzi yerli media orqanlarında görüşlər keçirək. Amma təəssüf ki, diasporla görüşümüz baş tutmadı. Daha doğrusu bizi “kabus” kimi izləyən diaspor rəhbəri ilə üz-üzə gələ bilmədik.
Bu görüşün baş tutmamasının təfərrüatlarına varmadan bir məsələni xüsusi qeyd etmək məcburiyyətindəyəm. Belə ki, Azərbaycan mediasında Benilüks ölkələrində, xüsusən də Belçikada fəaliyyət göstərən Azərbaycan diasporu barədə çeşidli tənqidi məqalələr dərc olunur. Bir neçə gün əvvəl Brüsseldə və Amsterdamda gördüklərimizdən sonra bəzən haqlı, bəzən də haqsız yazılarda “haqlı narazılıq”lara haqq qazandırıram.
Biz Belçikada və Hollandiyada olduğumuz müddətdə bu ölkələrin diaspor “sükanı”nı zəbt edən Sahil Qasımovun (bu adam Benilüks Azərbaycanlıları Konqresinin sədri, Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, Brüsseldə Avropa Parlamentində, Luksemburqda Avropa Komissiyasında və Strasburqda Avropa Şurasında lobbist kimi akkreditə olunub. Hazırda “Caspian İnternational Company”nın prezidentidir) bir neçə dəfə bizi axtardığını eşitdik.
Düşündük ki, Qasımov bizimlə görüşəcək, biz də Sahil bəydən bu ölkədə yaşayan soydaşlarımızın heç olmasa “Qarabağ”ın oyununda fəal olmalarını təşkil etməsini xahiş edəcəyik.
Nə hikmət idisə, Cənab Qasımov hər gün telefonla həmkarlarımızdan birini davamlı aramasına baxmayaraq bizimlə heç cür görüşə bilmirdi. Təsəvvür edin, biz Brüsseldəyik, Qasımov da bu şəhərdə, amma biz görüşə bilmirik, biz Amsterdama gedirik və Cənab Qasımov bizi arayır, hara getdiyimizi öyrənir, nə xoş təsadüf ki, özünün də Amsterdamda olduğunu bildirir, amma biz yenə görüşə bilmirik. Biz qayıdırıq Brüsselə, Sahil əfəndi də Brüsselə gəlir, amma yenə görüşə bilmirik… Uzun-uzadı telefon danışığından sonra qərar veririk ki, “Qarabağ” – “Anderlext” oyununun keçirildiyi stadionda görüşək, futbolçularımıza bir yerdə dəstək verək, amma məlum olur ki, Cənab Qasımov futbola baxmağa da gələ bilməyəcək!!! (Hər halda bunu özü demişdi)
Sözün həqiqi mənasında təəssüflənirik. Ona görə yox ki, biz Sahil bəylə görüşə bilmədik, əksinə biz gözləyirdik ki, Sahil əfəndi nəyinki Belçikada, yaşadığı Hollandiyadan da onlarla azərbaycanlını, hətta “qulağı sırğalı” 5-10 hollandı Brüsselə gətirəcək, futbolçularımıza azarkeşlik edib, onları ruhlandıracaq. Və yaxud da Belçikadakı “Red Light District”də (Qırmızı Fənər küçəsi) “canlı maket”lərə baxıb boynunu bükən ərəb kökənli 5-10 miqranta sponsorluq edib onları “Qarabağ”ın azarkeşinə çevirəcək… Çünki bu kimi ictimai işləri adətən diaspor rəhbərləri koordinasiya edir. Axı onlar hər zaman iddia edirlər ki, “biz Vətəndən uzaqda yaşayanların Vətən sevgisi daha güclü olur”. Bu sevginin real nəticəsini biz “Anderlext”in stadionunda gördük… (Fotoya diqqət edin, gördüyünüz 15-20 azarkeş də “Qarabağ”ın fan-klubunun üzvləridir. Stadionun heç bir yerində nə Azərbaycanın, nə də klubun bayrağı gözə dəymirdi)
Azərbaycandan daha yaxşı yaşamaq üçün müxtəlif yollarla Belçikadan, Hollandiyadan, Fransadan sığınacaq alan və özlərini “siyasi mühacir” hesab edənlər də gözə dəymədi. Hanı sizlərin “Qarabağ” sevginiz? Əlbəttə, bu rüsvayçılıqdır, həm siyasi-coğrafi, həm də futbol klubu olan “Qarabağ”a qarşı ləyaqətsizlikdir.
Təbii ki, yaxşılığa doğru heç nə baş vermədi, Avropada yaşayan azərbaycanlıların niyə bu gündə olduqlarının fərqinə vardıq. Qarabağın adı gələndə “ləbbeyk” deməli olanlar, “Qarabağ”ın getdiyi yerdə olmağı belə özlərinə sığışdırmadılar.
Haşiyə: Ötən il “Qarabağ” FK Kiyevdə “Dnepr”lə oynayırdı. Biz bir neçə jurnalist həmin oyunu izləmək üçün Kiyevə səfər etmişdik. Bizim Kiyevdə olduğumuzu mətbuatdan izləyən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov əlaqə saxlayıb görüşmək istədiyini bildirdi. Biz ona sadəcə olduğumuz yeri söylədik və bildirdik ki, əgər onun üçün maraqlıdırsa görüşümüzdə heç bir problem yoxdur. H.Cavadov və bir neçə UABD fəalı dərhal bizim olduğumuz yerə gəldilər, görüşdük, söhbətləşdik, “Qarabağ”a necə dəstək verəcəkləri ilə maraqlandıq. Bildirdilər ki, Ukraynada yaşayan soydaşlarımıza, xüsusən də tələbələrimizə oyunun vaxtı və yeri haqqında bir neçə dəfə mobil ismarıclar göndərib, digər vasitələrlə onları “Qarabağı” dəstəkləməyə dəvət ediblər. Oyun günü isə UABD rəhbərliyinin, fəallarının öz ailələri ilə birgə müxtəlif şüarlar, bayraqlarla futbolçularımıza necə dəstək verdiklərinin şahidi olduq.
Əlbəttə, Qasımov həzrətləri bizimlə görüşə məcbur deyil, özünün işi-gücü var. Amma bir halda məcburdur – nədən ki, DİASPOR rəhbəridir. Bizim onunla görüşməkdə marağımız “Qarabağ”a diaspor dəstəyini təşviq etmək idi. Necə olur ki, Azərbaycanın NATO-dakı daimi nümayəndəsi Xəzər İbrahim, Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov və hər iki səfirin tabeçiliyində olan əməkdaşları “Qarabağı” tək buraxmır, ailələri ilə birgə futbolçularımızın yanında olur, amma Qasımov kimilər öz işində…
Zəruri qeyd: Son statistik məlumatlara görə Belçikada azərbaycanlıların sayı 3 minə yaxındır. Amma həm İrandan, həm də Türkiyədən müxtəlif illərdə köç edən azərbaycanlıları da nəzərə alsaq, soydaş adlandırdıqlarımızın sayı bu ölkədə aşağı-yuxarı 13-15 min arası dəyişir. Hələ mən oyunun keçirildiyi Brüsseldən maksimum 3-4 saat məsafədə yerləşən Hollandiya (Amsterdamdan Brüsselə avtomobillə 2,5 saata gəlmək mümkündür), Almaniya və Fransanı demirəm. Deməli, istək və bir az da Qarabağ adına vicdanla yanaşma olsaydı “Anderlext”in stadionuna ən azı 2-3 min adam toplamaq olardı. Hələ mən “Avropada Türkiyə və Azərbaycan diasporları həmrəy hərəkət edir” kimi məşhur devizinizi xatırlatmıram. Xatırlatmıram ki, mövzu uzanmasın.
Nəzərə alın ki, Sahil Qasımov həm də Brüsseldə – Avropa Parlamentində lobbist kimi akkreditə olunub. Elə onun “məhsuldar” lobbi fəaliyyətinin nəticəsidir ki, Azərbaycan – Avropa Parlamenti münasibətlərindəki “buzlar” ərimək bilmir ki, bilmir…
Axı niyə belə olmalıdır? Diasporla İş Üzrə Dövlət Komitəsi bu bəyzadələrlə necə işləyir və ümumiyyətlə işləyirmi? Bezmədinizmi standart soyqırımı tədbirlərindən, Azərbaycan naminə həmrəng olsanız da həmrəy olmamaq üçün əmək sərf etməkdən…
Görünən dağa nə bələdçi, sizlər hələ bezməmisiniz.
www.yenicag.az