Qafqaz İslam Ordusunun əfsanəvi komandanı Nuru Paşanın ölümü ətrafında yaranmış sirr pərdəsi hələ də qalxmayıb.
Yenicag.az xəbər verir ki, Nuru Paşa 1949-cu il martın 2-si, saat 16:30-da özünə məxsus “Sütlüce” silah zavodunda meydana gələn partlayış nəticəsində həlak olub.
Partlayışla bağlı ilkin məlumatlarda hadisənin texniki təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən baş verdiyi bildirilib. Qeyd edilirdi ki, partlayıcı maddələrin saxlandığı anbarda temperaturun normadan yüksək olmasına diqqət yetirilməməsi belə bir faciə ilə nəticələnib.
Partlayışın ərazidəki kimyəvi maddələr saxlanan otaqlara da təsir göstərməsi nəticəsində baş verən yanğın isə faciənin miqyasını daha da böyüdüb.
Məlumata görə, Nuru Paşa partlayış zamanı zavodda öz kabinetində olub. Hadisədən həmən sonra partlayış ərazisinə gələn Nuru Paşa işçilərin təhlükəsizliyi üçün lazımi göstərişlər verir.
Növbəti partlayışların qarşısını almağa çalışan Nuru Paşa 2 min ədəd minanın saxlanıldığı anbara keçməyə cəhd edir. Lakin yanğının təsiri ilə baş verən növbəti partlayışın qarşısını almaq mümkün olmur və Nuru Paşa da bu zaman həyatını itirir. Faciə zamanı Nuru Paşa da daxil olmaqla, 26 nəfər həlak olur. Faciə zamanı həlak olanların dəfninə yüksək vəzifəli dövlət rəsmiləri də qatılırlar.
Həmin hadisədən 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq, “Sütlücə” silah zavodunda baş vermiş faciənin təsadüfi partlayış, yoxsa Nuru Paşanın fiziki məhvinə hesablanmış sui-qəsd olması ehtimalları ətrafında mübahisələr səngimir. Fakt isə dəyişməz qalır: “Sütlücə”dəki partlayış Türk dünyasının böyük şəxsiyyəti, əfsanəvi komandan, Azərbaycan istiqlalının alovlu müdafiəçisinin həyatına son qoydu.
Allah rəhmət eləsin!
A.Zeynalov
www.yenicag.az