Nüvə gücləri su üstündə TOQQUŞUR: “Ağır nəticələrə gətirib çıxara bilər”
“Hindistanın bu addımı Pakistan üçün ağır nəticələrə gətirib çıxara bilər”.
Bu sözləri dünyada gözlənən su münaqişələri, Hindistanla Pakistan arasındakı gərginliyi Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, su müharibələri qaçılmaz kimi görünür:
“İsraillə Suriya arasında da su münaqişəsi var. İsrail Suriyanın 30% su ehtiyatlarını tutub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dedi ki, su müharibələri qaçılmazdır. Hindistanla Pakistan arasında da su münaqişəsi yaşanır. Hindistan və Pakistan nüvə silahına malik ölkələrdir. Bundan başqa, Hindistan Pakistana gedən Hind çayının 4 bəndini bağlayıb. Pakistan tərəfi həmin sudan həm içməkdə, həm də suvarmada istifadə edirdi. Hindistanın bu addımı Pakistan üçün ağır nəticələrə gətirib çıxara bilər”.
Y. Bağırzadə diqqətə çatdırıb ki, Azərbaycan Pakistanla strateji müttəfiqdir:
“Pakistan Ermənistanda səfirlik açmayıb və Qarabağ problemində həmişə Azərbaycanın yanında olub. Bu məsələdə də Azərbaycan Pakistanın yanında olacaq. BMT baş katibi Hindistan və Pakistan rəhbərliyi ilə danışıqlar aparıb. Pakistanla Hindistan arasında 3 dəfə müharibə olub. Bu müharibələrdən ən çətini 1945 və 1967-ci illərdə olandır. Çoxlu insan ölümünə yol açıb bu müharibələr. Tərəflər arasında gərginlik olandan sonra Hindistana ABŞ və İsrailə məxsus hərbi təyyarələr endi. Çin isə rəsmi olaraq Pakistanı dəstəkləyəcəyini bəyan etdi. İki ölkə arasında baş verən münaqişəni su münaqişəsi adlandıra bilərik”.
Səxavət Məmməd