Od olmayan yerdən tüstü çıxaran Tramp: ABŞ üçün ən böyük təhlükəni niyə görməzdən gəlir?
Rusiya Prezidenti Vladimir Putin bu bahar özünü küncə sıxılmış hiss edə bilər. Böyük itkilər verməsinə baxmayaraq, onun ordusu Ukraynada durğunluq nöqtəsindədir. O, azsaylı müttəfiqlərindən biri olan İrana kömək etmək məsələsində gücsüz görünür. Avropadakı ən yaxşı dostu, Macarıstanın Baş naziri Viktor Orban isə seçkilərdə məğlub oldu.
Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin təhlil məqaləsində qeyd olunub.
Nəşr Rusiyanı qarşıda daha pis günlərin gözlədiyini proqnozlaşdırıb:
“Rusiya iqtisadiyyatı neft qiymətlərinin sıçrayışından qaynaqlanan müvəqqəti qazanca rəğmən, bərbad vəziyyətdədir. Avropa xalqları getdikcə güclənir və qəzəblənir; NATO qüvvələri Arktikadakı Ağ dənizdən cənubdakı Qara dənizə qədər sıralanıb. Ukrayna müharibəsi isə Putinin can atdığı qəti qələbə şansı olmadan uzanmağa davam edir”.
Qeyd olunb ki, Ukrayna Putini Avropanın bir hissəsi olmaq istədiyi üçün təhdid edir. Bu fonda Rusiya Avropaya təzyiqi artırıb: Müdafiə Nazirliyi Ukraynaya pilotsuz təyyarələr tədarük edən Avropa ölkələrinə zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib. Rusiya qəzəblə bildirib ki, avropalılar bu dronları tədarük edən şirkətlərin “ünvanlarını və yerlərini” yoxlasalar, yaxşı olar.
“Ukraynanı işğal etməsi göstərdi ki, Putin riskə gedən biridir. Bəs əgər o, NATO-ya meydan oxumaq və yeni nizam tətbiq etmək imkanının daraldığına qərar versə?” – nəşr ritorik sual verib və bu sualı davam etdirib: Əgər Putin bir Avropa ölkəsinə zərbə endirsə, Tramp nə edərdi?
“Tramp NATO-nun ünvanına o qədər pis ifadələr işlədir ki, avropalılar artıq Amerikanın təhlükəsizlik zəmanətlərinin etibarlılığına şübhə edirlər”, – qəzet qeyd edib.
Məqalədə Trampın xarici siyasətdə edə biləcəyi ən bağışlanmaz səhvlərdən biri kimi Amerikanın Avropadakı NATO müttəfiqlərini Moskvadan gələn artan və açıq təhdidlə üz-üzə qaldıqları bir anda tərk etmək olduğu bildirilib.
“Avropa gecə yarısı həyəcan siqnalını eşidir. Tramp isə NATO-ya qarşı şikayətlər siyahısı ilə o qədər məşğuldur ki, prezidentliyinin ən böyük böhranı ola biləcək bir məsələyə qarşı kar görünür. Əgər bir gün tarixçilər “Avropanı kim itirdi?” deyə soruşsalar, Trampın müti milli təhlükəsizlik müşavirləri cavabında nə deyəcəklər?” – məqalə sonlandırılıb.













