“Ölkəni məhv edəcək, bu adam…”
Ermənistan vətəndaşlarından biri sosial şəbəkələrin birində ölkə prezidenti Serj Sarqsyan haqda fikirlərini paylaşıb.
O, yazıb ki, əslində prezident və xalq tamamilə fərqli reallıqlarda yaşayırlar. Prezident özünü tibbi cəhətdən tamamilə təmin edib. Tək ölkənin özündə deyil, həm də xaricdə özünə yaxşı qulluq edir. Bunun qarşılığında biz əhali bəzən dərman almağa pul tapmırıq. Aldığımız maaş və təqaüdlərlə özümüzə həkim xidməti təmin edə bilmirik. Sarqsyanın reallığında isə biz yoxuq, onun reallığı özü və ətrafıdır.
Digər bir məsələyə keçək. Prezident ölkəmiz Ermənistanın xarici aləmdəki simasıdır, digər dövlətlərlə əlaqə yaradan şəxsdir. Ölkədə istədiyi kimi hərəkət edir. Biz xalq isə öz səsimizi parlementə seçdiyimiz deputatlar vasitəsilə çatdırırıq. Deputatların şəxsi maraqları fonunda bizim səsimiz əksər hallarda eşidilmir və ya qulağa xoş gəlmir. Prezident Sarqsyanın fəaliyyəti ölkəmizə beynəlxalq reytinqi sıfır olan, etibarı olmayan tərəfdaş siması qazandırıb. Hətta Qazaxıstan prezidenti bizi kəskin tənqid etdi, üstüörtülü şəkildə ölkənin və biz xalqın maraqlarını ələ saldı. Biz isə yaşadığımız Ermənistanı bu cür təsvir etmirik. Görünür, Sarqsyanın daha bir reallığında bizə yer yoxdur.
Buradan belə bir sual yaranır: Bizi özünə yaxın buraxmayan prezidentin ən yüksək kresloda əyləşməsi doğrudurmu? Zənnimcə, cavab aydındır: Əlbəttə, yox. O, kreslodan durmalı və ondan uzaqlaşmalıdır. Əks halda ölkəni məhv edəcək bu adam.