“Ölkənin milli maraqlarına qarşı siyasət formalaşdırırlar”

media-hightechnic-468x90

3881a91e8539dc5ae2cb2e722204e4ce“Hakimiyyətə qarşı deyil, Azərbaycanın, ölkənin milli maraqlarına qarşı vahid mərkəzdən siyasət formalaşdırırlar”

“Bəzi kənar maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanda QHT sektorunun fəaliyyəti bəlkə də dünyada ən nümunəvidir”.

Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxışı zamanı deyib.

Ə. Həsənovun sözlərinə görə, heç kim deyə bilməz ki, Azərbaycan siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə görə ona müraciət etdiyi sahə üzrə qrant verilməsindən imtina olunub. “Şura üzvləri hər bir təşkilatın müraciətini dəyərləndirib, sonra onlara qrant ayrılıb. Amma bu gün bizə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti sahəsində ağıl öyrətmək istəyən həmin o bəzi dairələrin, dövlətlərin burada verdikləri qrantlara baxın. İllərdi, o qrantları eyni istiqamətlər üzrə eyni təşkilatlar, bəlli sahələr üzrə idarə olunan, lazım olanda Azərbaycan dövlətinə, onun maraqlarına qarşı istifadə edilən insanlar alırlar. Çox uzağa getmirəm, bu günlərdə ABŞ-ın Demokratiyaya Yardım Milli Fondunun keçirdiyi dinləmələrdə iştirak edərək Azərbaycanı təmsil edən QHT-lərə baxın. Onlar bizim yaralı yerimiz olan, neçə illərdir ki Azərbaycan dövlətinin bütövlünü, suverenliyimizi pozan, bizim milli dövlətçiliyimizə ciddi problem yaradan və Dağlıq Qarabağı təmsil edən “QHT-lər”lə bir araya gəlib, heç bir etiraz etmədən, heç bir münasibət ortaya qoymadan Azərbaycandakı vəziyyəti “postulatlar” çərçivəsində təhlil etdilər. Onları burada təbliğ edən qüvvələr – siyasi partiyalar, bəzi mətbuat orqanları da var. Eləsinlər, bu onların öz işidir. Amma Azərbaycana ağıl öyrətməsinlər, demokratiya dərsi keçməyə çalışmasınlar. Azərbaycana III sektorun fəaliyyəti ilə bağlı özlərinin subyektiv mülahizələrini və postulatlarını zorla təlqin etməsinlər. Bu, Azərbaycandakı QHT sektorunun fəaliyyəti və ortaya qoyduğu mövqe, QHT-lərə verdiyi sifarişlər və aldığı nəticələr, bu da həmin demokratiya carçısı olan dövlətləri təmsil edən donor təşkilatlarının fəaliyyəti…”

Ə. Həsənov qeyd edib ki, Azərbaycana qarşı vahid mərkəzdən siyasət formalaşdırılır: “Təkrar edirəm, hakimiyyətə qarşı deyil, Azərbaycanın, ölkənin milli maraqlarına qarşı vahid mərkəzdən siyasət formalaşdırırlar. Qondarma “DQR”i təmsil edən şəxslər və “QHT”-lərin nümayəndələri ilə bir arada oturub, heç bir etiraz etmədən, onlara heç bir rəy bildirmədən Azərbaycandakı vəziyyəti təhlil etmək elə onlardan heç nə ilə fərqlənməmək deməkdir. Belələri ictimai qınağa tuş gəlməlidir. Bir dəfə mən ictimai qınaqla bağlı danışdım. Onları müdafiə edən qüvvələr iddia etdilər ki, Azərbaycan hakimiyyəti QHT-lərdən və bəzi anti-Azərbaycan qüvvələrindən qisas almağa çalışır. Xeyr! Burada qisasdan söhbət getmir. Burada sadəcə olaraq ictimai qınaqdan söhbət gedir. İctimai qınaq sözlərlə həyata keçirilir. İctimai qınaq heç vaxt kiməsə qarşı fiziki tədbir və digər bu kimi vasitələri nəzərdə tutmur. Əgər onlar ictimai qınaqla insana qarşı bu və ya digər fiziki təqibi fərqləndirə bilmirlərsə, bundan sonra siyasətlə məşğul olmalarının, yaxud da cəmiyyətə nəyisə təlqin etmələrinin heç bir mənası yoxdur. Bu anlamda həm QHT-lər, həm də Dövlət Dəstəyi Şurası belə məsələlərə öz münasibətini bildirməlidir”.

***

“Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi kimi görürük və dəyərləndiririk”.

Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxışı zamanı deyib.

Ə. Həsənov bildirib ki, Şura 7 ildir fəaliyyət göstərir və gələn il Şurada ikinci sədrlik dövrü başa çatır: “Bu, hər bir təşkilat üçün mühüm bir dövrdür. Əgər Şura bu dövr ərzində bir iş görə bilibsə, deməli o, səmərəli fəaliyyət göstərib və bundan sonra yaşamağa layiqdir. Şura Azərbaycan cəmiyyətində öz yerini təsdiqləyib, 7 ildə kifayət qədər müsbət fəaliyyət göstərib. Şuranın xətti ilə 2008-2014-cü illərdə 2 mindən çox layihə maliyyələşdirilib. Bu layihələrin maliyyələşdirilməsinə 20 milyon manata yaxın vəsait sərf olunub ”.

Ə. Həsənov qeyd edib ki, Azərbaycan dövləti tərəfindən QHT-lərin maliyyələşməsi təkcə Şura vasitəsi ilə deyil, digər qurumlar, nazirliklər və komitələr tərəfindən də həyata keçirilir: “Bu ildən QHT-lərin fəaliyyətinin vahid koordinasiyası, xüsusilə də qrant fəaliyyətinin həyata keçirilməsinin əlaqələndirilməsi dövlət başçısının sərəncamı ilə Şuraya həvalə olunub. Qrantların nəticələrinin dəyərləndirilməsinə vahid yanaşma olacaq”.

Ə. Həsənov müstəqillik dövründə Azərbaycanda QHT-lərdən ibarət III sektorun formalaşdığını vurğulayıb: “Bu gün Azərbaycanda qeydiyyatdan keçmiş 3 minə yaxın QHT var”.

***

“Biz mətbuat, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb dövlətindən geri qalmırıq”

“Hər bir sahədə qanunçuluq olmalı, hər şey qanuna söykənməlidir. Qanunlar pisdirsə, onu müzakirəyə çıxarmaq, dəyişmək olar. Amma bu, heç kimə əsas vermir ki, mövcud qanunu icra etməsin. Qanun varsa, icra olunmalıdır”.

Bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxışı zamanı bildirib.

Ə.Həsənov deyib ki, QHT-lər, dövlət strukturları, ölkədə fəaliyyət göstərən xarici strukturlar, mətbuat orqanları, xarici donorlar ölkəmizin qanunlarına hörmətlə yanaşmalı və qanunları icra etməlidir: “Əks halda, qanun keşikçiləri onları qanunları icra etməyə məcbur edəcəklər”.

Prezident Administrasiyasının şöbə müdiri Azərbaycan dövlətinin ölkə üzrə həyata keçirdiyi müəyyən aksiyaların olduğunu söyləyib: “Ölkə başçısı keçən ilin yekunlarının müzakirə olunduğu və yeni ildə qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin geniş iclasında bu prioritetlər haqqında açıqlama verib. Ayrı-ayrı illərdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yoxsulluğun, işsizliyin azaldılması, korrupsiya ilə mübarizə, ayrı-ayrı sahələrin – rabitə və informasiya texnologiyalarının, sənayenin, bu ildən isə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Bunlarla bağlı dövlət başçısı müvafiq sərəncamlar imzalayıb. Ölkənin aidiyyəti qurumları da qarşıda duran vəzifələri icra edirlər. Düşünürəm ki, QHT Şurası da dövlətin qarşısında duran prioritet istiqamətlər üzrə layihələrin elan olunmasını və QHT-lərin fəaliyyətinin stimullaşdırılması işini həyata keçirməlidir. Ümumilikdə Azərbaycan hakimiyyəti bu sahə üzrə fəaliyyətdən razıdır. Biz nəinki bu sahə üzrə, mətbuat, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb dövlətindən geri qalmırıq. Heç bir dövlətdə bu sahədə vəziyyət bizdəkindən yaxşı deyil. Əlbəttə, biz iddia etmirik ki, ən təkmil cəmiyyət Azərbaycan cəmiyyətidir. Bundan başqa, biz Azərbaycanda heç bir problemin olmadığını, Azərbaycan cəmiyyətinin bu və ya digər problemlərdən sığortalandığını da iddia etmirik. Dünyanın heç bir ölkəsi bunu iddia edə bilməz”.

Ə.Həsənov qeyd edib ki, inkişaf etmiş cəmiyyət quruculuğunu qarşısına məqsəd qoyan Azərbaycan hakimiyyəti bu məqsədə çatmaq üçün qarşısında duran bütün vəzifələri uğurla icra edir: “Əgər hər şey mükəmməl olacaqsa, hakimiyyətə də, dövlət strukturlarına da heç bir ehtiyac qalmazdı. Bu sahədə bizim uğurlarımız problemlərimizdən dəfələrlə çoxdur. Azərbaycan cəmiyyətində demokratik inkişaf, insan hüquqları, söz və mətbuat azadlığı, vətəndaş cəmiyyəti quruculuğu sahəsində vəziyyət heç də həmin o maraqlı anti-Azərbaycan dairələrin qələmə verdiyi kimi pis deyil. Əksinə, Azərbaycanda vəziyyət həmin o dövlətlərin çoxundan yaxşıdır. Bu sahədə Şuranın xüsusi rolu var və bu rolu yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Şura bundan sonra da bu tempi saxlayacaq və inkişaf etdirəcək”(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600