“Onlar öz iradələrini bizə qəbul etdirə bilmədilər”
“Biz Azərbaycanın 1993-cü ildən sonra sabitliyin yaradılması, ölkədə əmin-amanlığın bərqərar olunması və artıq ölkədə sabit inkişaf xəttinə keçid dövründən sonrakı müddətdə ölkəmizə qarşı olan saysız-hesabsız təhdidlərin miqyası və onların inkişaf dinamikasını bu illər ərzində çox diqqətlə izləmişik”.
Bunu Prezident yanında QHT-lərə Dəstək Şurasının mətbuat xidmətinin rəhbəri, “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud Avropa Siyasəti Araşdırmaları Mərkəzinin Azərbaycanla bağlı qərəzli yazısına münasibət bildirərkən deyib.
O bildirib ki, 2003-cü ildən etibarən ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan quruculuq və abadlıq işləri, yüksək inkişaf xətti bu təzyiqlərin növbəti bir mərhələsini ortaya qoyub: “2005-ci il seçkilərində xüsusilə, diqqətçəkici formada bunun bir çox təsirlərini gördük. Bəllidir ki, Azərbaycan regionda da, dünyada da baş verən proseslərə müəyyən qədər təsir edir. Keçmiş sovet ölkələrində Gürcüstanda və Ukraynada baş verən qızılgül və narıncı inqilabı, bundan sonra ərəb ölkələrində həyata keçirilən həmin qanlı inqilablar eyni zamanda, Azərbaycana qarşı olan dairələrin ölkəmizdə də bu tip çağırışların və buna yönəlik fəaliyyətlərinin artmasına səbəb olub. Bunun isə tək səbəbi nə olimpiya oyunlarıdır, nə də bir müddət öncə mediaya çıxan, Türkiyədə də, əleyhimizə bir neçə aksiyanın keçirilməsinə səbəb olan heyvanlarla və digər hadisələrlə bağlı məsələlərdir. Bunlar 10-cu yox, inanın ki, 100-cü, hətta 200-cü məsələlərdir. Onların tək səbəbi Azərbaycanın müstəqil siyasət yürütməsidir”.
E.Behbudun sözlərinə görə, bizim artıq bu cür təqiblərə görə, bir immunitetimiz var: “Heç kimə də, sirr deyil ki, I Avropa Oyunlarının başlanmasına az müddət qalmış bu təqiblər bir qədər də artıb. Avropa və ABŞ mediasında Azərbaycanla bağlı böhtan xarakterli yazılar yayımlanır. Müxtəlif mətbu orqanlarda Azərbaycanın əleyhinə açıq-aşkar şantaj, qarayaxma kampaniyası aparılır. Bu kampaniyadan da onların güddükləri tək məqsəd Azərbaycanın beynəlxalq imicinə zərbələr vurmaq və ölkəmizi müstəqil siyasət yürütmək cəhdindən yayındırmaqdır. Ancaq ölkə başçısı İlham Əliyev ötən 12 il ərzində ortaya qoyduğu siyasi iradə onu göstərir ki, Azərbaycan heç bir halda milli maraqlarından imtina edib hansısa dairələrin çirkin təkliflərini qəbul etməyəcək”.
E.Behbud bildirib ki, bu kampaniyaya müxtəlif QHT-lər də cəlb edilib: “Bu kampaniyaların ciddi maliyyə qaynaqları var. Bunların bir qisminin arxasında erməni lobbisi, bir qisminin isə arxasında Azərbaycanın əleyhdarı olan Qərbin bir sıra dairələri durur. Bu qüvvələr əllərində olan QHT-lər və media orqanlarından ölkəmizə qarşı vasitə kimi istifadə edirlər. Ancaq I Avropa Oyunlarının keçirilməsilə bağlı ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında ölkədə aparılan yüksək səviyyəli hazırlıq işləri, eyni zamanda Azərbaycanın ən müxtəlif sahələrdə həyata keçirdiyi proqramlar bu oyunların beynəlxalq səviyyədə keçirəcəyimizi və bir daha Azərbaycanın bu tip oyunlara ev sahibliyi etməyə hazır olduğunu sübut edir. Bu tip yazılar çox güman ki, I Avropa Oyunları yaxınlaşdıqca daha da artacaq. Ancaq Azərbaycan əvvəlki imkanları məhdud olan Azərbaycan deyil. Baxmayaraq ki, heç əvvəl də onlar öz iradələrini bizə qəbul etdirə bilmədilər. Onlar sadəcə sifarişin icraçılarıdırlar. Onlara baxışımız belə olmalıdır. Azərbaycan tutduğu inkişaf xəttindən geri dönməyəcək, milli maraqlarından imtina etməyəcək”(azadinform).